Venesuela hakimiyyəti və müxalifəti böhrandan çıxış yolları axtarır

12.07.2019 13:31

Venesuela hökuməti və müxalifət siyasi böhrandan çıxış yollarının müzakirəsi üçün daimi əsasda fəaliyyət göstərəcək komissiya yaradıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə danışıqlar prosesində vasitəçilik edən Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb. "Venesuelanın aparıcı siyasi qüvvələrinin nümayəndələri Osloda başlayan danışıqları davam etdirir. Bu proses çərçivəsində razılaşdırılmış həll yollarına nail olmaq məqsədilə konstitusiyanın verdiyi imkanlar çərçivəsində daimi və operativ əsasda fəaliyyət göstərəcək komissiya qurulub”, - Norveç Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda belə deyilir.

Sənəddə qeyd edilir ki, danışıqlarda iştirak edən tərəflər prosesə münasibətdə irad və bəyanatlarında maksimum ehtiyatlı davranmalıdır.

Bu ərəfədə Bolivar respublikasının rabitə və informasiya naziri Xorxe Rodriges Venesuela müxalifəti ilə danışıqlar prosesinin uğurla davam etdiyini deyib.

Xatırladaq ki, may ayında Osloda Venesuela hakimiyyəti və müxalifət arasında Norveç hökumətinin vasitəçiliyi ilə təşkil olunan iki dolayı danışıqlar baş tutub. İyulun 8-də Barbadosda dialoqun yeni raundu start götürüb. Prezident Nikolas Maduro görüşün beş saat davam etdiyini bildirib və məsləhətləşmələrin saziş əldə olunması ilə başa çatacağını istisna etməyib.

© xezerxeber.az


251 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR