Yeni dəbə minmiş turizm istiqaməti sağlamlıq üçün təhlükəlidir

25.06.2019 12:35

Çernobıla gedən turistlərin sağlamlıqları mütləq sığortalanmalıdır

Dünyada ekstremal turizm marşurutlarına maraq göstərən turistlər Amerikanın HBO telekanalının ərsəyə gətirdiyi "Çernobıl" serialından sonra xarabalığa çevrilən Çernobıla axışır. Turistlərin Çernobıla marağı səhiyyə qurumlarını da hərəkətə gətirib. Norveç Əczaçılıq Birliyi informasiya yayaraq bildirib ki, serialın yayımlanmasından 5 həftə sonra ölkə miqyasında "Jodix" yod tabletlərinin satışı ikiqat artıb. Norveç Nüvə Təhlükəsizliyi və Radiyasiyadan Qorunma Direktorluğunda fövqəladə vəziyyətlərə hazırlıq alayının idarəçisi Astrid Liland isə hətta İspaniya və Fransa kimi nüvə reaktorlarına malik ölkələrə səyahətə gedən insanlara mütləq çantalarında yod tabletləri götürmələrini tövsiyyə edib.

Qeyd edək ki, sözügedən serialdan sonra Azərbaycandan da Çernobıla turlar təşkil olunmağa başlayıb. Bəs görəsən bizdə necə, Çernobıla gedən turistlərə yod preparatları almaq tövsiyyə olunurmu? Azərbaycanlı turistlərin Çernobıla marağı yod preparatlarına tələbatı artırıbmı? Sputnik Azərbaycan ölkəmizdən Çernobıla gedən turistlərin sağlamlığı ilə bağlı bu kimi məqamları araşdırıb.

Məlum olub ki, son günlər Azərbaycandan Çernobıla turizm marşurutları təşkil edən şirkətlərin sayı artıb. Onlardan biri də "Baku Holiday Travel"-dir. Şirkətdən Sputnik Azərbaycan-a bildiriblər ki, Çernobıl turunun qiyməti 320 ABŞ dollarıdır. Amma bura yol haqqı daxil deyil. Bilet üçün turist əlavə 590 manat ödəməlidir. O ki, qaldı turistin sağlamlığı məsələsinə, turizm şirkətindən bildirdilər ki, onlar da müştərilərinə üzərlərində yod tableti götürməyi tövsiyyə edirlər. Lakin, turistlərə Çernobılda geyinmək üçün xüsusi geyimlər verilmir: "Bizə "Çernobıl turu" üçün müraciət edən turistlərə yalnız qapalı və rahat ayaqqabı geyinmək tövsiyyə olunur. Sağlamlıqlarının qayğısına qalmaq isə turistlərin öz işidir".

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov turizm şirkətlərinin "Çernobıl turu"nun təhlükəli olduğunu söyləyir. M. Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, serial turistlər arasında Çernobıla maraq yaratsa da, belə turları kor-koranə təşkil etmək təhlükəlidir: "Bu cür turlar təşkil edən turizm şirkətləri turistlərin sağlamlıqlarını təhlükə altında qoymuş olurlar. Əvvəla hər turisti hələ də radiasiya fonu yüksək olan əraziyə aparmaq doğru deyil. Bu cür turlar ekstremal turizm sayılır. Ona görə də, müraciət edən turistlərdən radiasiya səviyyəsi yüksək olan əraziyə getmələrinə həkim icazəsi olmalıdır. Bundan əlavə, həmin turistlər yod tabletləri ilə təmin olunmalıdırlar. Mən turistlərimizə belə ərazilərə getmələrini məsləhət görməzdim. Heç turizm şirkətlərinin də bu əraziyə turlar təşkil etməsi doğru deyil. Əgər edirlərsə, mütləq turistlərin sağlamlıqlarını sığortalamalıdırlar".

Paytaxtda apteklər şəbəkəsinin rəhbəri, provizor Elman Hüseynov isə deyir ki, hələlik Azərbaycanda yod preparatlarının satışında ciddi artım qeydə alınmayıb: "Biz sistemdə baxırıq, serial Azərbaycanda yod preparatlarına tələbatı artırmayıb".

E. Hüseynov bildirib ki, satışda bu gün bir neçə adda yod preparatı var.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda qeydiyyatda kifayət qədər yod tərkibli dərmanlar var. Amma E. Ələkbərova turizm şirkətlərinin kor-koranə onları qəbul etməyi tövsiyyə etməyinin düzgün olmadığını söyləyir. E. Ələkbərova bildirir ki, yod preparatlarını qəbul etməyi mütləq həkim məsləhət görməlidir.

Yod tabletləri radioaktiv yodun tiroiddə (qalxanabənzər vəzi) yığılmasının qarşısını alır. Yod tabletləri nüvə radiasiyasının yayılmasından bir neçə saat sonra qəbul edilməlidir. Mütəxəssislər 40 yaşdan aşağı insanlara fövqəladə vəziyyətlər üçün yod tabletləri almağı tövsiyyə edir./Sputnik Azərbaycan

© xezerxeber.az


195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR