Çin şirkətləri “Boeing 737 MAX” təyyarələrinə görə 580 milyon dollar itirib

24.05.2019 15:29

"Boeing 737 MAX” təyyarələrindən istifadənin dayanması səbəbindən Çin aviakompaniyalarının ümumi itkiləri 4 milyard yuan (təxminən 579 milyon dollar) həcmində qiymətləndirilib.

Bu barədə Çinin Hava Nəqliyyatı Assosiasiyası məlumat yayıb. "Hesablamalara görə, əgər "Boeing 737 MAX” təyyarələrinin uçuşları iyun ayının sonlarına qədər dayandırılsa, bu tip təyyarələrə malik olan və onların çatdırılmasını gözləyən aviakompaniyaların ümumi itkiləri təxminən 4 milyard yuan təşkil edəcək”, - deyə sənəddə bildirilir.

Hazırda "737 MAX” təyyarələrindən istifadə edən bütün Çin aviakompaniyaları laynerlərin uçuşlarının dayandırılması səbəbindən "Boeing” korporasiyasından təzminat tələb edir. Ölkədə ümumilikdə bu tip 96 layner var. Çinin Hava Nəqliyyatı Assosiasiyasının məlumatına görə, 2019-cu ildə ölkə aviakompaniyaları daha 130 ədəd "737 MAX” təyyarəsi almalı idi.

Xatırladaq ki, "Ethiopian Airlines” aviakompaniyasına məxsus "Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın "Lion Air” aviakompaniyasına məxsus "Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik səbəbindən "Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. "Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib. (AZƏRTAC)

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR