Nyu-Yorkda sürücülük vəsiqəsi sahibləri avtomatik olaraq orqan donoruna çevrilə bilərlər

16.04.2019 13:58

Nyu-York ştatının Assambleyasında təqdim olunan yeni qanun layihəsinə görə, sürücülük vəsiqəsinə sahib olan hər kəs avtomatik olaraq orqan donoruna çevrilə bilər.

Assambleyanın üzvü Pet Berkin hazırladığı sənədə əsasən, ştatın yaşı 18 və daha yuxarı olan bütün sakinləri donorların siyahısına daxil ediləcək. Qanun layihəsi hələ müzakirələrin birinci mərhələsindədir və ola bilər ki, sənədə düzəlişlər edilsin. Berk deyib ki, qanun layihəsini Assambleyadakı baxılacaq sənədlərin siyahısına daxil etməkdə onun niyyəti Nyu-York ştatında orqan donorlarının sayının artırılması ilə bağlı müzakirələrə başlamaq olub. Qanunverici bildirib ki, hazırda Nyu-York ştatında orqanlar və toxumalar gözləyənlərin siyahısında 9 min insan qeydə alınıb. Hər potensial orqan donoru 8 nəfərədək insanın həyatını xilas edə bilər.

Berk deyib: "Bu qanunvericilik çox insanın həyatını xilas etməyə kömək olacaq”. Qanunverici ehtimal edir ki, donorların siyahısına avtomatik daxilolunma sürücülük lisenziyalarının verilməsi zamanı baş verəcək. Həmin siyahıya avtomatik daxil olunmaq istəməyənlər bundan imtina edə bilərlər. ABŞ-ın bütün ştatlarında sürücülük vəsiqəsi alan vətəndaşların donor kimi qeydiyyatdan keçmək imkanı var. Əgər kimsə orqan donoru olmaq istəyirsə, o zaman sürücülük hüququnun əldə edilməsi üçün yazılan ərizədə bunu qeyd etməlidir. Əgər sürücünün qəzadan və ya hər hansı bədbəxt hadisədən sonra yaşamaq şansı yoxdursa, o zaman hüquq-mühafizə orqanlarının əməkdaşları onun vəsiqəsini yoxlayır. Vəsiqədə sürücünün öz orqanlarını bağışlaması haqqında razılığı qeyd olunubsa, onun sağlam orqanları müvafiq orqan gözləyənlərin siyahısında adları olan pasiyentlər üçün istifadə məqsədilə tibb müəssisələrinə göndərilir. (AZƏRTAC)

© xezerxeber.az


45 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR