"Avropa İttifaqı Brexit prosesini sürətləndirmək niyyətində deyil"

16.04.2019 13:48

Avropa İttifaqı Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması prosesini sürətləndirmək niyyətində deyil və nizamsız çıxışın mümkünlüyünə hazırlaşaraq Londonun bu barədə qərarını gözləyir.

Xezerxeber.az xəbər verir ki, bu fikri Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentinin seçkilərdən öncəki son sessiyasında səsləndirib.

"Avropa İttifaqı Böyük Britaniyaya qapını göstərməyəcək. Aİ Brexit prosesini sürətləndirməyəcək və gözləmə mövqeyində dayanacaq. Qərarı London verməlidir, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə Yunker bildirib.

"Biz sazişsiz Brexit prosesinə hazırıq və lazımi tədbirləri görmüşük”, - deyə Avropa Komissiyasının rəhbəri əlavə edib.

Xatırladaq ki, Aİ ölkələrinin aprelin 10-da keçirilən sammitində Böyük Britaniyada mayın 23-26-da Avropa Parlamentinə seçkilərin keçirilməsi şərti ilə Brexit prosesinin oktyabrın 31-dək təxirə salınması imkanları barədə qərar qəbul olunub.

© xezerxeber.az


52 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR