ƏDL-in Baş katibi: ABŞ Prezidentinin Colan təpələri ilə bağlı bəyanatı etibarsızdır

26.03.2019 10:15

Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Əbu Əl-Qeyt ABŞ Prezidenti Donald Trampın Suriyanın Colan təpələri üzərində İsrailin suverenliyini tanınması barədə bəyanatını qətiyyətlə pisləyib.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu bəyanat mahiyyətcə etibarsızdır və beynəlxalq hüququn pozulması deməkdir. O bildirib ki, bu addım təkcə Yaxın Şərqdə deyil, bütün dünyada ABŞ-ı nüfuzdan salır.

Əhməd Əbu Əl-Qeyt deyib: "Həmin bəyanat Colan təpələrinin hüquqi statusunu dəyişmir. Çünki təpələr Suriyanın işğal edilmiş ərazisidir və heç bir ölkə onun üzərində İsrailin suverenliyini tanımır”.

O, xüsusi vurğulayıb ki, bunun təsdiqi olaraq Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilmiş qətnamələr, məsələn, Suriyanın Colan təpələrinin İsrail tərəfindən işğalının tanınmadığını qeyd-şərtsiz göstərən 1981-ci il tarixli 497 nömrəli qətnamə var. Baş katib İsraili Colanın ilhaqı barədə qərarı ləğv etməyə çağırıb.

ƏDL-in Baş katibi əlavə edib ki, işğala legitimlik donu geyindirmək ABŞ siyasətinin yeni trendidir. Bu da İsrailin mövqeyinə və istəklərinə tam uyğundur. Ərəblər belə yanaşmanı rədd edirlər. Ərəb Dövlətləri Liqası Suriyanın öz işğal edilmiş ərazisi üzərində hüququnu qətiyyətlə dəstəkləyir. ƏDL-in gələn həftənin əvvəlində Tunisdə keçiriləcək zirvə toplantısında qəbul olunacaq qətnamələrdə bu mövqe dəqiq əks olunacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə bu ölkənin Colan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza da atıb.

© xezerxeber.az


83 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR