Çirkab suları müharibələrdən daha çox adam öldürür

19.03.2019 17:52

BMT hər il dünyada su mənbələrinin vəziyyəti ilə bağlı hesabat hazırlayır. İndi planetin hər on sakinindən üçünün təhlükəsiz içməli su əldə etmək imkanı yoxdur.

Fransanın məşhur "Le Figaro” qəzeti bu haqda məqalə dərc edib. Yazıda BMT-nin hər insanın təmiz içməli su əldə etmək haqqı olması barədə qətnaməsi inqilabi addım adlandırılıb.

BMT və UNESCO-nun növbəti birgə hesabatında bu sahədə vəziyyətin qənaətbəxş olmadığını göstərilib. Dünyada təxminən 2,1 milyard insanın hələ də təhlükəsiz içməli su təchizatı yoxdur. 4,5 milyard insan isə normal sanitariya xidmətindən istifadə edə bilmir.

Ötən əsrin 80-ci illərindən başlayaraq, hər il dünyada içməli su istifadəsi 1 faiz artır. 2050-ci ildə bu göstərici 30 faizə çata bilər. Deməli, Yer kürəsini az təhlükə gözləmir.

Hesabat müəlliflərindən biri Riçard Konnor deyir ki, dünya 9 milyard insanı normal içməli su ilə təchiz etmək gücündədir: "Amma insanlar gündə iki steyk yeyib, dörd dəfə duş qəbul edəcəklərsə, hamıya su çatmayacaq”.

Planetin əsas dərdi təkcə içməli suyun gələcəyinin dumanlı görünməsi, insanların böyük hissəsinin keyfiyyətli sanitariya xidməti görməməsi deyil. Sənaye sektorundakı çirkab suların 80 faizi heç bir təmizləmə mexanizmi keçmədən ətraf aləmə axıdılır. Çirkab suları müharibələrdən daha çox adam öldürür. Bu həm də çoxlu xəstəliklərə yol açır. 2018-ci ildə dünyada dizenteriya və vəbadan 780 min adam ölüb. Keçən il müharibələrdə bundan təxminən 10 dəfə az adam həlak olub./Bizimyol.info

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR