Donald Tramp süni intellektin inkişafına dair sərəncam imzalayıb

12.02.2019 11:24

ABŞ Prezidenti Donald Tramp süni intellektin tədqiqi, təbliği və inkişafına əlavə vəsait ayırması barədə sərəncam imzalayıb.

AZƏRTAC "Reuters” agentliyinə istinadla xəbər verir ki, sərəncamda süni intellekt texnologiyalarının əsasında müvafiq məlumat bazasının yaradılması, onun təhlükəsizliyinin təmin olunması və bu sahədə yüksək ixtisaslı kadrlar hazırlanması üzrə geniş fəaliyyətə başlamaq nəzərdə tutulur. Bu məqsədlə kvant kompüter sisteminin hegemonluğunu təmin edəcək və bugünədək insanların yaradıcılıq səyləri ilə ərsəyə gətirdikləri məhsulların istehsalını həyata keçirəcək yeni texnologiya və proqramlar üzərində elmi tədqiqatların maliyyələşdirilməsi planlaşdırılır.

D.Tramp ötən həftə Konqresdəki çıxışında bildirib ki, bu istiqamətdə görüləcək işlərə böyük maliyyə vəsaitlərinin ayrılması məqsədilə qanunverici orqanın üzvləri ilə xüsusi görüş keçirəcək. ABŞ Prezidenti əlavə edib ki, süni intellekt sahəsinə digər sənaye sektorlarından da kəsilən vəsaiti yönəltmək mümkündür. "Süni intellekt amerikalıların həyatının bütün sahələrini əhatə edəcək. Biz səylərimizi birləşdirərək bu texnologiyanın Amerika xalqının mənafeyinə xidmət göstərməsini təmin etməliyik”, -deyə Tramp vurğulayıb.

Ağ evin elm və texnologiya məsələləri üzrə müşaviri Maykl Kratsios bildirib ki, süni intellekt insanların həyatının bütün sahələrin əhatə edəcək və məişətdən tutmuş iri sənaye müəssisələrində istehsaladək bütün sektorlarda sıçrayışa səbəb olacaq. Onun sözlərinə görə, qarşıda duran əsas vəzifə bu texnologiyaların tətbiqi fonunda nəzarət mexanizminin yaradılması, məxfilik, kibertəhlükəsizlik məsələlərində fərdi istifadəçilərə və şirkətlərə təminat verilməsidir.

"PwC”nin 2018-ci ildə apardığı tədqiqatın nəticələrinə görə, 2030-cu ildə texnologiyaların inkişafı nəticəsində iş yerlərinin 30 faizi ixtisar ediləcək, aşağı təhsil səviyyəsi olan işçilərin 44 faizi işsiz qalacaq. Eyni zamanda, süni intellekt sayəsində ABŞ-da ÜDM-nin həcmi 15 trilyon dollara çatacaq.

Ağ ev, həmçinin Birləşmiş Ştatların 30 iri şirkətinin rəhbərləri ilə bu məsələyə dair görüş keçirib. Onların arasında "Ford Motor”, "Boeing”, "Amazon” və Microsoft” kimi transmilli şirkətlər də olub.

© xezerxeber.az


231 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR