İspaniyada fiziki imkanları məhdud olan şagirdlər adi məktəblərə gedəcəklər

12.01.2019 17:09

İspaniya hökuməti fiziki imkanları məhdud olan 35 min şagirdi adi siniflərə keçirməyi planlaşdırır. Əlil uşaqların adi məktəblərə qəbul edilməsi əlillər təşkilatlarının beynəlxalq miqyasda tələbidir. İspaniyanın 2008-ci ildə imzaladığı "Əlillərin hüquqları haqqında” BMT Konvensiyasını da məhz onlar irəli sürüblər.

BMT-nin fiziki imkanları məhdud olan insanların hüquqlarını müşahidə edən komitəsi belə şagirdləri sistemli şəkildə xüsusi təhsil mərkəzlərinə göndərdiyinə görə 2018-ci ildə İspaniyaya qarşı çox kəskin məruzə hazırlayıb. Komitənin fikrincə, bu praktika məktəbdə ədalətsiz seqreqasiya kimi nəzərdən keçirilməlidir. Ekspertlərin çoxu belə bir fikirlə razıdır ki, bu cür uşaqları ümumtəhsil məktəblərində oxutmaq, onları zəruri resurslarla təchiz etmək daha düzgün olardı.

İspaniyanın Fiziki İmkanları Məhdud olan İnsanlarla İş üzrə Komitəsinin məlumatına görə, hazırda bu məsələnin təhsil haqqında yeni qanuna daxil edilməsi nəzərdən keçirilir. Gözlənildiyinə görə, qanun layihəsi ayın sonunda Nazirlər Kabinetinə təqdim olunacaq, bundan sonra parlament proseduru başlayacaq.

Qanun çərçivəsində indiki xüsusi məktəbləri ərazi dəstək mərkəzlərinə çevirmək də planlaşdırılır. Bu məktəblərin işçiləri öz vəzifələrini adi siniflərdə icra edəcəklər. Bildirilir ki, heç kim işdən çıxarılmayacaq, əksinə, ümumtəhsil məktəblərinə daha çox mütəxəssis cəlb olunacaq. (AZƏRTAC)

© xezerxeber.az


268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR