Gürcüstanda "donuz qripi"nə yoluxanların sayı günbəgün artır

11.01.2019 15:51

Qrip virusu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 845 nəfərə çatıb

Gürcüstanda qrip virusu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 616 nəfərdən 845 nəfərə qədər artıb. Sputnik Gürcüstan xəbər verir ki, hazırda reanimasiya şöbəsində olan xəstələrin sayı 44 nəfərə çatıb.

Gürcüstan Səhiyyə Nazirliyi məsləhət görür ki, qripin ilkin əlamətləri müşahidə edildiyi zaman həkimə müraciət edilməlidir. "Bu, o deməkdir ki, qrip ciddi xəstəlikdir, müalicəyə və diqqətə ehtiyac var. Son laboratoriya məlumatlarına görə, H1N1 virusu üzündən 13 nəfər həyatını itirib. Ölüm səbəbləri arasında xəstəliyin fəsadları və gecikmiş müalicə var" – deyə səhiyyə naziri David Serqeenko bildirib.

O, həmçinin qeyd edib ki, ölkədə virusa qarşı dərman çatışmazlığı yoxdur: "İlkin yardım üçün müarciət edənlərin sayında artım müşahidə edilir. Belə ki, əvvəl müraciətlərin sayı gün ərzində 420 idisə, indi bu rəqəm 602 olub. Əlbəttə, yaxşı haldır ki, xəstələr vaxtında həkimə müraciət edirlər".

Qeyd edək ki, hazırda Gürcüstanda "donuz qripi" kimi bilinən AH1N1 virusuna yoluxanların sayı hər 100 min nəfərə 256 nəfər düşür. Qripin pandemiya halına çevrilməsi üçün isə, bu rəqəm hər 100 min nəfərə 450-500 nəfər olmalıdır.

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR