Əfqanıstanda “Taliban” silahlıları ilə toqquşmada 6 polis işçisi öldürülüb

14.09.2018 12:59

Əfqanıstanın şimalında "Taliban” hərəkatı ilə toqquşmada 6 polis əməkdaşı həlak olub, 17 nəfər isə yaralanıb.

Xezerxeber.az xəbər verir ki, insident sentyabrın 13-dən 14-nə keçən gecə Samanqan əyalətində baş verib. Döyüşlər nəticəsində 4 silahlının da öldürüldüyü bildirilir.

Telekanalın yaydığı digər xəbərə görə, son sutka ərzində ölkənin milli müdafiə və təhlükəsizlik qüvvələri 12 birgə hücum və təmizləmə əməliyyatı keçirib. Xüsusi təyinatlı dəstələr 114 tapşırıq yerinə yetirib, hava qüvvələri üsyançıların mövqelərinə 12 aviazərbə endirib. Nəticədə müxtəlif əyalətlərdə 67 silahlı məhv edilib.

2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

© xezerxeber.az


47 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR