İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab

10.07.2018 15:37

ABŞ-ın sanksiyalarına cavab olaraq, İran neft ixracı həcmini maksimum həddədək artıracaq.

Bu barədə İranın birinci vitse-prezidenti Əshaq Cahangiri deyib.

"Düşmən bizim məhsulların – neft, polad və misin ixracını tam şəkildə dayandırmaq istəyir. ABŞ sanksiyalarına cavab olaraq, İran öz neftini maksimum həddədək artırmağı planlaşdırır”, - deyə Cahangiri vurğulayıb.

O, əlavə edib ki, mövcud vəziyyətdə polad istehsalı və ixracını artırmaq daha məqsədəuyğundur.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Vaşinqton açıq şəkildə bildirib ki, İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirməyi planlaşdırır. Bunun üçün hətta bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində artıq Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb. /azvision.az

© xezerxeber.az


302 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR