ABŞ-dan Rusiyaya cavab: “Bu, təxribatdır”

14.06.2018 11:19

ABŞ Suriyada kimyəvi hücum hazırlamır və Rusiya Müdafiə Nazirliyinin verdiyi bəyanat təxribatdır.

XəzərXəbər xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert deyib.

"Rusiya Müdafiə Nazirliyi yalan bəyanat verərək deyir ki, ABŞ və Azad Suriya Ordusu Suriyada kimyəvi silahdan istifadə olunmasilə bağlı hücumu səhnələşdirməyə hazırlaşır” – deyə Nauert "Tvitter" hesabında yazıb.

Bu ittihamlar qarşılığında Nauert Rusiya hərbi kəşfiyyatının sabiq əməkdaşı Sergey Skripalın Britaniyada kimyəvi maddədən zəhərlənməsində Rusiyanın əli olduğuna diqqət çəkib və Suriya hökumətini dəstəklədiyinə görə Moskvanı tənqid edib. Həmçinin vurğulayıb ki, ABŞ kimyəvi silahların qadağan olunması üzrə Konvensiyaya sadiq olmağa davam edir.

Qeyd edək ki, iyunun 11-də Rusiya Müdafiə Nazirliyi Suriyada Azad Suriya Ordusunun ABŞ-ın iştirakı ilə Deyr əz-Zorda zəhərləyici maddələrdən istifadə etməklə ciddi təxribata hazırlaşdığını bəyan edib. Məlumatda bildirilib ki, bununla da, guya kimyəvi silah tətbiqinə dair süni şəkildə hazırlanacaq video-rolik ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriya dövlət obyektlərinə hava zərbələri endirməsi və silahlı müxalifətin hücumu üçün bəhanə kimi istifadə olunacaq. Və dinc əhaliyə qarşı Əsəd rejiminin kimyəvi hücumunu imitasiya etmək üçün artıq Azad Suriya Ordusu Həkl əl-Cəfra yaşayış məntəqəsinə xlor balonları da gətirib.

© xezerxeber.az


282 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR