Yaponiya Şimali Koreyaya qarşı sanksiyaların icrasına nəzarət edir

13.01.2018 09:02

Yaponiya özünümüdafiə dəniz qüvvələrinin komandanlığı ötən ilin sonundan başlayaraq ABŞ-ın sorğusuna əsasən Şimali Koreyaya tətbiq edilən sanksiyaların icrasına nəzarət üçün öz gəmilərini Sarı və Yapon dənizlərinə göndərir.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, məqsəd açıq dənizdə əcnəbi tankerlərdən Şimali Koreya gəmilərinə neftin vurulmasının qarşısını almaqdır.

Məlumatda qeyd edilir ki, əməliyyat özünümüdafiə qüvvələrinin beynəlxalq sularda müşahidə aparması qaydalarına müvafiq olaraq keçirilir. Yaponiyanın patrul təyyarələri açıq dənizdə şübhəli gəmilər aşkar etdikdə məlumatı gəmilərə ötürür və gəmilər qeyd edilən əraziyə doğru hərəkət edir.

Şübhəli gəmiləri yoxlamaq yapon özünümüdafiə qüvvələrinin səlahiyyətinə aid olmadığına görə, əldə edilən məlumatlar, foto və digər informasiyalar ABŞ tərəfinə göndərilir. Bundan əlavə, həmin məlumatlar yanvarın 16-da Vankuverdə Kanada və ABŞ-ın sədrliyi ilə keçiriləcək Şimali Koreya üzrə nazirlər görüşünə təqdim ediləcək.

Kyodo agentliyi yazır ki, Yaponiya hökumətinin rəyinə əsasən, bu nəzarət təkcə Şimali Koreyaya deyil, eyni zamanda, Tokio və Vaşinqtonun qənaətinə görə, Pxenyana müəyyən kömək edən Çin və Rusiyaya da təsir göstərəcək.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR