OPEK-in lideri olan
Səudiyyə Ərəbistanı və təşkilatdan kənarda dünyanın ən böyük neft
istehsalçısı olan Rusiya yaxın zamanlarda xam neft hasilatlarını
artırmaqdan imtina ediblər. Bununla da, ABŞ prezidenti Donald Trampın
bazarı sakitləşdirmək üçün tədbir görmək haqda çağırışlarına rədd cavabı
veriblər. XəzərXəbər "Reuters”ə istinadən xəbər verir ki, bu barədə qərar OPEK+ (OPEK və
qeyri-OPEK ölkələri) formatında energetika nazirlərinin monitorinq
komitəsinin Əlcəzairdə keçirilən görüşündə qəbul edilib.
"Mən qiymətlərə təsir göstərmirəm”, - deyə Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih nazirlərin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
Əl-Falih onu da vurğulayıb ki, hasilatın artırılması üçün Səudiyyə Ərəbistanı
əlavə gücə və anbar həcminə malikdir. Lakin indiki vaxtda buna ehtiyac
yoxdur və ola bilsin ki, gələn il də ehtiyac duyulmasın. Çünki gələn il
qeyri-OPEK ölkələrinin neft hasilatı qlobal tələbatı üstələyə bilər.
"Bazarlar
kifayət qədər təmin olunub. Mən dünyada elə bir neft emalı zavodu
tanımıram ki, neft axtarsın və onu tapa bilməsin”, - deyə Əl-Falih
vurğulayıb. Lakin istisna etməyib ki, əgər lazım olarsa, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1.5 milyon barrelə çatdıra bilər.
Rusiyanın energetika naziri Aleksandr Novak isə bəyan edib ki, neft hasilatını dərhal artırmağa eytiyac yoxdur. Amma Çinlə ABŞ arasındakı ticarət müharibəsi, həmçinin, ABŞ-ın İrana qarşı sanksiyaları dünya neft bazarı üçün problemlər yarada bilər.
Venesuelanın
neft naziri isə deyib ki, bu ilin sonunda ölkəsi gündəlik neft
hasilatını 1,5-dən 2 milyon barrelədək artırmaq niyyətindədir.
Xatırladaq
ki, 2016-cı ilin sonunda OPEK və qeyri-OPEK ölkələri dünya bazrında
neftin qiymətinin artırılması və sabitləşdirilməsi üçün gündəlik
hasilatın 1,8 milyon barrelədək azaldılmasına dair razılıq əldə ediblər.
Qeyd edək ki, bu ay "Brent" markalı neftin bir barrelinin 80
dollara çatması Trampı bazarda qiymətləri salmaq barədə OPEK-ə qarşı
yenidən tələb irəli sürməyə vadar edib. Vaşinqtonun bu tələbinin əsl
səbəb isə ABŞ-ın OPEK-ə daxil olan İrana
qarşı noyabrda enerji sanksiyalarının qüvvəyə minməsindən sonra
Tehranın neft ixracının azalması nəticəsində neftin qiymətinin
əhəmiyyətli dərəcədə artması və Rusiyanın bundan fayda əldə etməsidir.