"Əgər Tehran öz siyasətini dəyişsə, ABŞ İranla dialoq aparmağa hazırdır. Amma biz hələ bunun baş verdiyini görmürük.”
Bunu ABŞ
dövlət katibi Mayk Pompeo "MSNBC” telekanalına müsahibəsində belə
deyib. Onun sözlərinə görə, Vaşinqtonun məqsədi Tehrandakı rejimi
devirmək deyil.
"Biz aydın şəkildə bəyan etmişik ki, rejimin dəyişdirilməsi prezident Trampın siyasəti deyil. Biz İran İslam
Respublikasından nə istədiyimizi bildirmişik və bu, olduqca sadədir:
Ər-Riyada tərəf raketlər buraxmağa son qoymağa, "Hizbullah”ı
silahlandırmaq və İsraili təhdid etməyi dayandırmağa, terrorizmin ən
böyük sponsor ölkəsi olmaqdan imtinaya nə deyirsiniz? Bütün bunlar bizim
dünyadakı istənilən ölkəyə qarşı irəli sürdüyümüz sadə tələblərdir və İrandan gözlədiyimiz də bunlara əməl edilməsidir. Əgər İrandakı
islam rejimi bu dəyişikliklərə getsə, biz onlarla danışıqlara şad
olarıq və prezident Tramp da bunu açıq formada bildirib. Lakin onların (İran –
red.)
geri çəkilmələrinə dair heç bir əlamət yoxdur və bütün dünyaya terror
təhdidi yaratmaqda davam edirlər”, – deyə Pompeo vurğulayıb.
Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın
alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün
kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci
mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.
19 sentyabrda ABŞ-ın İran
üzrə xüsusi elçisi Brayan Huk Vaşinqtonun Tehranla nüvə proqramı və
ballistik raketlər məsələsini də əhatə edəcək yeni saziş
imzalayacaqlarına ümid etdiyini bildirib.