Xəzər Xəbər

Əfqanıstanın vitse-prezidenti Kabilə çatdıqdan sonra aeroportda partlayış törədilib: ölənlər var

Dünya | 18:07 • 22 İyul 2018
Əfqanıstanın vitse-prezidenti Kabilə çatdıqdan sonra aeroportda partlayış törədilib:

Əfqanıstana qayıtmış Birinci vitse-prezident Əbdül Rəşid Dostum Kabil aeroportunu tərk etdikdən sonra yaxınlıqda partlayış baş verib. Bu barədə "Agence France-Presse” məlumat yayıb. Partlayış siyasətçinin tərəfdarlarının toplaşdığı yerdə olub.


Bu, təqib edilən Əbdül Rəşid Dostumun 2017-ci ildə Türkiyəyə getdikdən sonra vətənə ilk qayıdışı idi.


AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nəcib Danişin sözlərinə görə, hadisə güman ki, intiharçı-terrorçu tərəfindən törədilib.


Əfqanıstanın "TOLOnews” telekanalı yerli məmurlara istinad edərək partlayış nəticəsində həlak olanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğunu bildirib.


Çarter reyslə gələn Əbdül Rəşid Dostumun olduğu təyyarə Hamid Karzai adına beynəlxalq aeroportda enib. Yüzlərlə insan, o cümlədən yüksək vəzifəli məmurlar onu qarşılamaq üçün aeroportda toplaşmışdılar. Siyasətçi Türkiyədə 14 ay qalıb.

Xəbər lenti