12 iyun Sinqapur
sammitində Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair əldə olunan
razılaşmaların həyata keçirilməsi üçün yaxın vaxtlarda ABŞ Pxenyana
görüləcək tədbirlər planının qrafikini təqdim edəcək. Bu barədə Pentaqonun rəhbəri Ceyms Mettisi müşayiət edən nümayəndə deyib.
"Biz Pxenyanın üzərinə götürdüyü öhdəlikləri könüllü şəkildə yerinə
yetirməyə hazır olub-olmadığını tezliklə biləcəyik. Sammitdə əldə olunan
razılaşmaların necə həyata keçirilməli olduğuna dair Şimali Koreyaya öz
konsepsiyamızı təqdim edərkən, biz onlara konkret suallar verəcəyik və
plan-qrafik təklif edəcəyik” – deyə Pentaqonun nümayəndəsi bildirib.
O, qrafikin detalları barədə açıqlama verməsə də, Pxenyanın nüvə proqramının ləğvi prosesinin uzun zaman çəkməyəcəyini söyləyib.
Sinqapur sammitindən sonra ABŞ dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, Vaşinqton nüvəsizləşmə prosesinin bütövlükdə 2-2,5 ilə - Donald Trampın prezidentlik müddətinin sonunədək yekunlaşacağına ümid edir.
Qeyd
edək ki, Pentaqonun rəhbəri Ceyms Mettis 26-28 iyun tarixlərində Uzaq
Şərq turnesinə çıxaraq, Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcək.
Bu, 2014-cü ildən bəri ABŞ
müdafiə nazirinin Çinə ilk səfəri olacaq. Keçiriləcək görüşlərin
hamısında Koreya yarımadasının nüvəsizləşməsi məsələsi prioritet olacaq.