Xəzər Xəbər

Rep ifaçısı ABŞ prezidenti olmaq istəyir - namizədliyi qeydiyyatdan keçib

Dünya | 13:14 • 16 İyul 2020
Rep ifaçısı ABŞ prezidenti olmaq istəyir -

Amerikalı rep ifaçısı Kanye Uest Oklahoma ştatının Seçki Komissiyasında ABŞ prezidenti postuna namizədliyini qeydiyyatdan keçirib.


Xezerxeber.az ABŞ telekanallarına istinadla xəbər verir ki, bu barədə yerli Seçki Komissiyasının məlumatında deyilir.


İyul ayının 15-i Oklahoma ştatında müstəqil namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərin təqdim olunmasının son günü idi. Kanye Uest lazım olan sənədləri quruma təqdim edib və 35 min dollarlıq qeydiyyat rüsumunu ödəyib. Seçki Komissiyasının saytında yerləşdirilən məlumata əsasən, reper BDY ("Ad günü partiyası” və ya "Ad günü münasibəti ilə şənlik” kimi tərcümə edilən Birthday Party) partiyasını təmsil etdiyini deyib.


Associated Press agentliyi pianoçu Ceyd Simmons və biznesmen Brok Pirsin də Oklahoma ştatından müstəqil namizəd qismində qeydiyyatdan keçdiyini yazıb.


İyulun 4-də Kanye Uest özünün "Twitter” səhifəsində müstəqil namizəd qismində Birləşmiş Ştatların prezidenti postuna namizədliyini irəli sürməyə hazırlaşdığı barədə məlumat yaymışdı. Müğənni, həmçinin "Forbes” jurnalına müsahibəsində əvvəllər Donald Trampın tərəfdarı olsa da, artıq onu dəstəkləmədiyini bildirmişdi.


"Forbes” jurnalı aprel ayında ABŞ-ın ən populyar rep ifaçılarından biri, 20-dən çox "Grammy” mükafatının sahibi Kanye Uesti milyarderlər siyahısına salıb. Onun varidatı təxminən 1,3 milyard dollar həcmində qiymətləndirilir.


Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Ali dövlət postuna demokratların namizədinin sabiq vitse-prezidenti Cozef Bayden, respublikaçıların namizədinin isə Donald Tramp olacağı gözlənilir.

Xəbər lenti