Xəzər Xəbər

Vaşinqtonda Azərbaycan diplomatları Türkiyəyə dəstək ifadə ediblər

Dünya | 10:09 • 16 İyul 2020
Vaşinqtonda Azərbaycan diplomatları Türkiyəyə dəstək ifadə ediblər

Türkiyənin ABŞ-ın paytaxtında yerləşən səfirliyində 15 iyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar rəsmi tədbir keçirilib. Tədbirə Azərbaycanın ABŞ-dakı səfirliyinin heyəti, o cümlədən səfir Elin Süleymanov qatılıb.


Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç 2016-cı il 15 iyul tarixində baş vermiş hadisələrlə bağlı Türkiyə üçün vacib olan bir tədbirdə Azərbaycanın iştirakını xüsusilə vurğulayıb və son günlərdə Ermənistanın təcavüzünü birmənalı şəkildə pisləyərək Azərbaycan xalqına baş sağlığı verib. Səfir Kılıç beynəlxalq hüququn pozulması ilə yanaşı qardaş Azərbaycana hər hansı bir hücumun qəbul edilməz olduğunu vurğulayıb. Səfir Türkiyə Prezidenti, Xarici İşlər naziri, Müdafiə nazirinin bu mövzuya dair fikirlərini çox sərt şəkildə ifadə etdiyini qeyd edərək Azərbaycan ilə bir millət, iki dövlət olduğunu və bu cür təcavüzə cavab olaraq lazım olsa bir millət, bir dövlət kimi də davranacağını deyib. Azərbaycanın tək olmadığını və Türkiyə Prezidentinin çağırışının təkcə Türkiyədə yaşayan ermənilərə deyil, həm də dünya əhalisi üçün çağırış olduğunu və bu cür beynəlxalq hüquq pozuntusuna qarşı hamının reaksiya verməli olduğunu bildirib.


Tədbir zamanı Türkiyə mətbuatına səfir Sərdar Kılıç ilə birlikdə müsahibə verən səfir Elin Süleymanov Azərbaycan diplomatının 15 iyul günündə Türkiyənin yanında olmaqdan şərəf duyduğunu deyib. Səfir bir daha Azərbaycana bu çətin zamanda Türkiyənin dəstəyini vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın böyük dostu Türkiyənin Xarici İşlər naziri Mövlüt Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və digərlərinə təşəkkürünü bir diplomat və bir Azərbaycan vətəndaşı kimi bildirib.


Səfir Süleymanov 15 iyul hadisələrinə gəldikdə isə dörd il öncə həmin günün Türkiyə üçün nə qədər çətin və böyük bir sınaq olmasına baxmayaraq qəhrəmanlıq dastanı olduğunu deyib. Dünya türk xalqının qəhrəmanlıqlarının şahidi olub və güclü Türkiyə dövlətinin türk dünyasında qüdrətli rolunu görüb.


Səfir Süleymanov hər iki ölkədən bütün şəhidlərə rəhmət, yaralı olanlara şəfalar diləyib və şəhidlərin qanının yerdə qalmayacağına əmin olduğunu söyləyib. (AZƏRTAC)

Xəbər lenti