Xəzər Xəbər

Çində panda qoruqları turistlər üçün açıq elan edilib

Dünya | 17:12 • 26 Mart 2020
Çində panda qoruqları turistlər üçün açıq elan edilib

Çinin Çendu şəhərində yerləşən Böyük Pandanın Çoxaldılması üzrə Araşdırma Bazası turistlərin ziyarəti üçün açıq elan olunub.

Dünyada turistlərin pandaları görməsi üçün ən böyük məkanlardan olan Çendu bazası yeni növ koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar yanvarın 24-dən bəri ziyarət üçün bağlı idi. Çində son günlər virusa yoluxanların sayının azalması və xəstələrin böyük əksəriyyətinin sağalması epidemioloji vəziyyətin tədricən yaxşılaşmasına səbəbə olub. Panda qoruğunun yerləşdiyi Siçuan vilayətinin rəhbərliyi COVID-19 epidemiyası ilə əlaqədar fövqəladə hazırlıq vəziyyətinin səviyyəsini endirib ki, bu da bir çox turizm obyektinin açılmasına imkan yaradıb.

Çendu panda bazasında işçilərin və ziyarətçilərin sağlamlığının qorunması üçün turistlər müvafiq profilaktik və nəzarət tədbirlərinə əməl etməldirlər. Belə ki, turistlər bilet almazdan əvvəl onların COVID-19 xəstəsi olub-olmaması QR kod vasitəsilə elektron məlumat bazasında yoxlanılır və ya onlardan sağlamlıq haqqında arayış tələb olunur. Bundan başqa, kütləvilik olmaması üçün əraziyə buraxılan turistlərin sayı gündəlik 5 min nəfər müəyyən edilib.

Qeyd edək ki, Çendu bazası böyük pandanın çoxaldılması üzrə elmi-tədqiqat və turistik mərkəz olaraq tanınır. Heyvanların süni çoxaldılması üzrə dünyanın ən böyük mərkəzində 2400-ə yaxın bambuk ayısı yetişdirib ki, onların 140-dan çoxu böyük pandadır. Hazırda mərkəzdə 150-dən çox böyük panda saxlanılır.

Pandaların qorunması və nəsli kəsilmiş heyvanlar siyahısına düşməməsi üçün Çin hökuməti elmi mərkəz və qoruqlar yaradıb. Hazırda Çində həmin məqsəd üçün yaradılan 40 qoruq var ki, onların çoxu Siçuan vilayətində yerləşir. Çin qanunlarına görə, pandanı öldürəni ən ağır cəza - ölüm hökmü gözləyir. (AZƏRTAC)

Xəbər lenti