Xəzər Xəbər

Türkiyə Daxili İşlər naziri: dağıntılar altından 45 nəfər sağ çıxarılıb, 39 nəfər həlak olub

Dünya | 14:10 • 27 Yanvar 2020
Türkiyə Daxili İşlər naziri: dağıntılar altından 45 nəfər sağ çıxarılıb, 39 nəfər həlak olub

Türkiyənin Daxili İşlər, Səhiyyə, Ədliyyə, Ətraf Mühit və Şəhərsalma nazirləri və ölkənin hakim Ədalət və İnkişaf Partiyasının rəhbərinin vəkili Elazığ şəhərində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinə dair birgə mətbuat konfransı keçiriblər.


Mətbuat konfransında Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altından 45 nəfərin sağ çıxarıldığını, 39 nəfərin isə həlak olduğunu deyib. Nazir iki nəfərin də ürək tutması nəticəsində öldüyünü bildirib.


Məlumat verilib ki, yeraltı təkanların meydana gəldiyi vaxtdan indiyədək bölgədə 948 afterşok qeydə alınıb.


S.Soylu zəlzələdən dərhal sonra ölkənin Təhsil Nazirliyi tərəfindən uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bölgəyə müəllimlərin cəlb olunduğunu deyib.


Qeyd edilib ki, zəlzələdən əziyyət çəkənlər üçün indiyədək 45 sığınacaq açılıb. Elazığın mərkəzində 1000 konteynerli müvəqqəti yaşayış mərkəzinin tikintisinə başlanılıb.


Bu gündən etibarən həm Malatya, həm də Elazığda ictimai qurumlar fəaliyyətə başlayıb.


Səhiyyə naziri Fahrettin Koça hazırda xəstəxanalara müraciət edən 1607 nəfərdən 86-nın müalicə olunduğunu deyib. Onlardan 18-i reanimasiya şöbəsindədir.


Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum Elazığda 2 min yeni evin tikiləcəyini, bu gündən etibarən sahə və yer tədqiqatlarına başlanıldığını qeyd edib.


Bildirilib ki, hazırda bölgəyə dəyən zərərin məbləği hesablanır. Beş min mütəxəssis tərəfindən bu istiqamətdə aparılan araşdırmaların 10 gün içində tamamlanacağı planlaşdırılır.


Nazir hadisə nəticəsində 50 tikilinin dağıldığını, 308-nin isə ağır zədə aldığını qeyd edib.


Ədalət naziri Abdulhamit Gül bölgədə ədliyyə xidmətlərinin qaydasında davam etdirildiyini deyib.


Ədalət və İnkişaf Partiyasının rəhbərinin vəkili Numan Kurtuluş Türkiyənin hər yerindən zəlzələ baş verən bölgəyə dəstəyin göstərildiyi bildirilib.


Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib. (AZƏRTAC)

Xəbər lenti