Xəzər Xəbər

Qarabağ probleminin nizamlanmasında nəzərəçarpacaq dəyişiklik yoxdur - Lavrov

Dünya | 16:23 • 17 Yanvar 2020
Qarabağ probleminin nizamlanmasında nəzərəçarpacaq dəyişiklik yoxdur -

2019-cu ildə Dağlıq Qarabağ probleminin nizamlanmasında nəzərəçarpacaq dəyişiklər baş verməyib.


Rusiya Xarici İşlər naziri vəzifələrini icra edən Sergey Lavrovun 2019-cu ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransına KİV-lər tərəfindən təqdim edilmiş suallara Rusiya XİN-in cavabında belə deyilir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın səyləri haqqında suala cavab RF XİN-in saytında yerləşdirilib.


Rusiya xarici siyasət idarəsinin cavabında deyilir ki, 2019-cu ilin martında Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın Baş Naziri arasında əldə edilmiş razılaşmaları inkişaf etdirmək üçün 2019-cu ilin aprelində Moskvada keçirilən görüşdə xarici işlər nazirlərinin şərtləşdikləri "kiçik addımlar”ın reallaşmasında irəliləyiş var. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Yerevanla Bakı arasında "qaynar xətt” əlaqəsi fəaliyyət göstərir. Jurnalistlərin mübadiləsi həyata keçirilib, əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıb. Digər məhbuslar barəsində iş davam edir, Qırmızı Xaç Komitəsi bu işə qoşulub.


RF XİN-in cavabında daha sonra deyilir: "Hesab edirik ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamaq istiqamətində konkret addımlar atmaq niyyətlərini təsdiq edir. Lakin nizamlanmanın mahiyyəti məsələlərinə dair hələlik irəli getmək mümkün olmayıb. Bu mövzu Sergey Lavrovun yaxın günlərdə Yerevana və Bakıya səfərləri zamanı müzakirə edilib. Ümid edirik ki, yaxın vaxtlarda tərəflər arasında mövzu ətrafında danışıqlar bərpa olunacaq. Öz tərəmizdən Minsk qrupunun fransalı və amerikalı həmsədrləri ilə birlikdə gərəkli dəstək göstərəcəyik”. (AZƏRTAC)

Xəbər lenti