Xəzər Xəbər

Çinin xarici ticarət dövriyyəsi rekord göstəriciyə çatıb

Dünya | 16:24 • 14 Yanvar 2020
Çinin xarici ticarət dövriyyəsi rekord göstəriciyə çatıb

Çinin xarici ticarət dövriyyəsi keçən il 3,4 faiz artaraq 31,54 trilyon yuana (təxminən 4,6 trilyon ABŞ dolları) çatıb. Bu, Çin tarixində rekord göstəricidir.


Çin Baş Gömrük Administrasiyasının sədri Cou Ciu ötən il ixracın 5 faiz artaraq 2,5 trilyon dollara, idxalın isə 1,6 faiz çoxalaraq 2,07 trilyon dollara çatdığını deyib. Xarici ticarətdə müsbət saldo 423 milyard dollar təşkil edib. O, ilkin təhlilərə əsasən, 2019-cu il üçün Çinin dünyada ən çox xarici ticarət həyata keçirən ölkə olduğunu deyib.


Avropa İttifaqı Çinin ən böyük ticarət tərəfdaşı (8 faiz çoxalma ilə 705 milyard dollar) mövqeyini qoruyub. Çinin xarici ticarətindəki yeniliklərdən biri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinin 643 milyard dollarla rəsmi Pekinin ikinci ən böyük xarici ticarət tərəfdaşına çevrilməsidir. ABŞ ilə ticarətin ümumi məbləği isə 11,1 faiz azalaraq 493 milyard dollara düşüb. Çin-ABŞ ticarət əlaqələrinin azalmasında iki ölkə arasında ticarət mübahisələrinin rolu danılmazdır.


Çinin xarici ticarətində diqqətçəkən yeniliklərdən digəri isə ilk dəfə olaraq özəl sektorun xarici kapitallı şirkətləri qabaqlayaraq ölkənin ən böyük xarici ticarət həyata keçirən qrupu olmasıdır. Ötən il özəl sektorun idxal və ixracı 11,4 faiz artıb, ölkənin ümumi xarici ticarətində 42,7 faizlik paya sahib olub.


Qeyd etmək lazımdır ki, özəl sektor Çində büdcəyə vergi ödəmələrinin 50 faizini, ümumi daxili məhsulun (ÜDM) 60 faizini, texnoloji innovasiyaların 70 faizini, yeni açılan iş yerlərinin 90 faizini təmin edir. (AZƏRTAC)

Xəbər lenti