Xəzər Xəbər

Ağ Ev Trampla Lavrovun görüşünün təşkil edilməsi üzərində işləyir

Dünya | 09:23 • 9 Dekabr 2019
Ağ Ev Trampla Lavrovun görüşünün təşkil edilməsi üzərində işləyir

Ağ Ev Donald Trampla Rusiyanın XİN rəhbəri Sergey Lavrovun görüşünün təşkilinə hazırlaşır. Müzakirə olunacaq mövzular arasında silahlara nəzarət də var.


Xezerxeber.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O’Brayen S.Lavrovun səfəri ilə bağlı "CBS” telekanalının ünvanladığı sualı cavablandırarkən deyib.


"Baxarıq, görərik. Ancaq düşünürəm ki, bunun baş verməsi ehtimalı böyükdür. Biz bunun üzərində çalışırıq”, - deyə Robert O’Brayen bildirib.


Trampla Lavrovun görüşünün əsas məqsədi barədə sualın cavabına gəlincə, O’Brayen qeyd edib ki, "söhbət qarşılıqlı münasibətlər prinsipindən gedir”: "Dövlət katibi Pompeo Rusiyaya səfər edəndə də Vladimir Putin onunla görüşmüşdü. Çinlilər, ruslar və digərləri ilə münasibətdə bəhs etdiyimiz prinsiplərdən biri də qarşılıqlılıq prinsipidir”.


Onun sözlərinə görə, görüş zamanı "silahlara nəzarətlə bağlı ümumi danışıqlar” da mümkündür.


S.Lavrovun Vaşinqtona səfəri barədə hələlik rəsmi açıqlama verilməyib, ancaq Moskva tərəfi bu məsələ üzərində işlərin getdiyini açıqlayıb.


Bu səfər baş tutsa, bu, Lavrovun 2017-ci ildən bəri Vaşinqtona ilk səfəri olacaq.

Xəbər lenti