Xəzər Xəbər

Orban: Qitənin gələcəyi üçün məsuliyyət Mərkəzi Avropanın üzərinə düşür

Dünya | 18:41 • 18 Noyabr 2019
Orban: Qitənin gələcəyi üçün məsuliyyət Mərkəzi Avropanın üzərinə düşür

Macarıstanın Baş Naziri Viktor Orban Çexoslovakiyada "məxməri inqilab”ın 30 illiyi münasibətilə bu gün Bratislavada keçirilən təntənəli mərasimdəki çıxışında bildirib ki, Qərbi Avropada iqtisadi artımın ləngiməsi ilə əlaqədar Avropa İttifaqının gələcəyi üçün məsuliyyət Mərkəzi Avropa ölkələrinin üzərinə düşür.


AZƏRTAC MTİ agentliyinə istinadla xəbər verir ki, Macarıstan lideri slovakiyalı, çexiyalı və polşalı həmkarları ilə birlikdə "Azadlıq mübarizləri” memorialı önünə əklil qoyub.


"Ölkələrimiz möhkəm dayanmalı, istər iqtisadi, istərsə də siyasi baxımdan heç kimdən asılı olmamalıdır”, - deyən Orban daha sonra əlavə edib ki, Vışeqrad dördlüyü ölkələrində iqtisadi artım sürətinin Avropa üzrə orta göstəricilərlə müqayisədə 2 faiz yüksək olması tezliklə bu dörd ölkənin iqtisadi baxımdan özünü təmin edə biləcəyini ümid etməyə əsas verir.


Dyer Universitetinin professoru Mikloş Paal Orbanın bu bəyanatını AZƏRTAC üçün şərh edərək deyib ki, bu arzunun yaxın gələcəkdə reallaşacağına söyləməyə əsas yoxdur, çünki Vışeqrad dördlüyü ölkələrindən ixracın 85 faizi əvvəlki kimi yenə də Qərbi Avropaya gedir. Ekspert deyib: "Illüziyalara uymağa dəyməz. Ölkələrimiz Avropanın qalan hissələri ilə möhkəm bağlıdır, özünü təcrid etməyin perspektivi yoxdur”.

Xəbər lenti