Xəzər Xəbər

ABŞ-da demokratik debatların dördüncü turu keçirilib

Dünya | 12:12 • 16 Oktyabr 2019
ABŞ-da demokratik debatların dördüncü turu keçirilib

Ohayo ştatının Uestervill şəhərində ABŞ prezidentliyi postuna Demokratik Partiyadan olan namizədlər arasında seçkiqabağı debatların dördüncü turu keçirilib.


Demokratlar Partiyasının təmsilçiləri 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə Donald Trampla mübarizə aparacaq özlərinin namizədini seçməlidir. Debatlarda bu vəzifəyə 12 iddiaçı, o cümlədən ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden, senatorlar Berni Sanders, Elizabet Uorren, Kori Buker, Kamala Harris, Emi Klobuşar, Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard, Nümayəndələr Palatasının sabiq üzvü Beto O’Rurk, Obama administrasiyasında sabiq mənzil inşaatı naziri Xulian Kastro, İndiana ştatındakı Saut Bend şəhərinin meri Pitt Butticiç, milyarder və xeyriyyəçi Tom Steyer və biznesmen Endrü Yanq iştirak ediblər.


CNN telekanalı təmsilçilərinin moderatorluğu ilə keçən debatlarda sosial islahatlar, tibbi sığorta islahatı, daha dəqiq desək, "Medicare” hamı üçün” səhiyyə proqramı, silahlara nəzarət, müəllimlərin əməkhaqlarının artırılması, ABŞ-ın xarici siyasəti, Prezident Donald Trampın impiçmenti, Suriyada vəziyyət və Türkiyə ilə münasibət müzakirə edilib. Prezident Trampın potensial impiçment məsələsini müzakirə edərkən bütün iddiaçılar həmrəyliklə Ağ ev başçısının impiçment işi üzrə tədqiqatın aparılmasının davam etdirilməsinə tərəfdar olublar. Uorren deyib ki, impiçment təminat verəcək ki, heç kəs, hətta ABŞ Prezidenti belə qanundan yan keçə bilməsin. Xatırladaq ki, impiçment işinə dair təhqiqatlar üzrə müzakirələrə sentyabrda, Amerika KİV-lərində dərc olunan materialdan sonra başlanılıb. Materialda cari ilin iyulunda Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Trampın 400 milyon dollar həcmində maliyyə və hərbi yardım müqabilində Co Baydenin və onun oğlu Hanterin fəaliyyətini təhqiq etməyə çağırması təsdiq olunur. Namizədliyə digər iddiaçılar Berni Sanders və Co Bayden Trampı korrupsiyaçı adlandırıblar.


Demokratlar Partiyasından prezidentliyə namizəd olan iddiaçılar arasında indiyədək Co Bayden liderdir. İctimai rəyə əsasən, Uorren demək olar ki, ona çatıb. Demokratik debatların beşinci raundu bu il noyabrın 20-də Corciya ştatında təşkil olunacaq. Bu turu keçməkdən ötrü iddiaçılar 20 müxtəlif ştatdan, ərazidən və Kolumbiya dairəsindən azı 165 min insandan maliyyə yardımı toplamağı bacarmalıdır.


Demokratlar arasından namizədin müəyyən edilməsi üçün keçirilən, praymeriz adlandırılan ilk demokratik partiyadaxili seçkilər fevralın 3-də Ayova ştatında təşkil olunacaq. (AZƏRTAC)

Xəbər lenti