Xəzər Xəbər

Əfqanıstanda bu gün üçüncü dəfə terror aktı törədilib - ən azı 11 nəfər ölüb, 45 yaralı var

Dünya | 17:48 • 25 İyul 2019
Əfqanıstanda bu gün üçüncü dəfə terror aktı törədilib -

Əfqanıstanın paytaxtı Kabildə ABŞ qoşun kontingentinin komandanı, generallar və NATO rəsmilərinin iştirakı ilə iclas keçirildiyi məkanda bomba partladılıb. 


Xezerxeber.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu, iyulun 25-də paytaxtda törədilən üçüncü partlayışdır. Terrorçu kamikadzelərin özlərini partlatması nəticəsində ən azı 11 nəfər ölüb, 45 adam yaralanıb. Onlardan biri partlayıcı qurğunu Mədən Nazirliyinin əməkdaşlarını daşıyan avtobusun yaxınlığında işə salıb, beş qadını və bir azyaşlını öldürüb.


İnsident yerindən yayılan videomateriallarda qadınların və bir uşağın həlak olduğu, onlara köməyə gələnlərin də yaralandığı görünür. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrət Rəhimi bildirib ki, ən şiddətli partlayış Kabilin PD9 adlanan sənaye parkının yaxınlığında törədilib.


Partlayışlara görə məsuliyyəti "Taliban” hərəkatı öz üzərinə götürüb və bəyan edib ki, onun kamikadze terrorçuları ərazidəki əcnəbi hərbi kontingenti hədəf alıblar.


ABŞ-ın Əfqanıstandakı səfiri Con Bass terror aktını pisləyən bəyanat yayıb və bildirib ki, "bu insidenti hazırlayanlar insanlıqdan uzaq, ölkənin demokratikləşməsini istəməyən qüvvələrdir”.

Xəbər lenti