Xəzər Xəbər

Milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir

Dünya | 15:07 • 19 May 2019
Milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir

Bu gün Türkiyədə milli qurtuluş mübarizəsinin başlanması münasibətilə təsis edilən 19 may - Atatürkü anma, gənclik və idman bayramı qeyd olunur. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk yüz il əvvəl "Bandırma” gəmisi ilə İstanbuldan ölkənin Samsun şəhərinə gələrək milli azadlıq mübarizəsinin başlandığını elan edib. Ölkənin hər tərəfində qurtuluş savaşına səfərbərlik başlanıb.


Bayram münasibəti ilə ölkənin hər yerində tədbirlər təşkil olunub. Küçə və meydanlar bayramsayağı bəzədilib.


Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlunun rəhbərlik etdiyi geniş tərkibli heyət səhər saatları ulu öndər Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib. Anıtqəbir muzey-kompleksində böyük bir izdiham yaşanır.


Ən böyük bayram tədbiri, rəsmi dövlət mərasimi Samsunda keçiriləcək.


Hazırda xilas gəmisi adlandırılan "Bandırma” Samsun limanında lövbər salıb. Səhər saatlarından başlayaraq vətəndaşlar gəminin seyrinə çıxıblar.


Türkiyə vətəndaşları 19 may bayramı ilə bağlı bir-birindən fərqli mərasimlərdə böyük sevinclə iştirak edirlər. Ölkədə hər kəsin bildiyi bir gerçəklik var: Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir.


Samsunda 1919 metr uzunluğunda Türkiyə bayrağı ilə yürüş keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Piri Reis Universitetinə məxsus gəmi ölkənin 81 vilayətindən, o cümlədən xarici qonaqlardan ibarət gəncləri və idmançıları göyərtəsinə alaraq İstanbuldan Samsuna səfər edib.


Qeyd edək ki, yüz il əvvəl Türkiyə dövlətinin banisi Mustafa Kamal Paşa Samsun şəhərinə gələrək ölkəni işğaldan xilas etmək üçün xalqı səfərbər edib. Bu şərəfə Türkiyədə 19 may Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.


Mərasimlər gecə saatlarına qədər davam edəcək. (AZƏRTAC)

Xəbər lenti