Xəzər Xəbər

ABŞ və Filippin gəmiləri mübahisəli sularda birgə təlimlər keçiriblər

Dünya | 13:58 • 16 May 2019
ABŞ və Filippin gəmiləri mübahisəli sularda birgə təlimlər keçiriblər

Filippinin və ABŞ-ın Sahil Mühafizəsi xidmətləri Cənubi Çin dənizinin mübahisəli sularında birgə təlimlər keçiriblər.


AZƏRTAC Filippin Sahil Mühafizəsi Xidmətinə istinadla xəbər verir ki, təlimlər Luson adasının qərbində, Skarboro Şoal adasının yaxınlığında keçirilib. Bu, ABŞ və Filippin dənizçilərinin dayaz yerdə keçirdiyi ilk birgə təlimlərdir.


Qeyd edək ki, Çinin nəzarəti altında olan həmin ərazilərə Filippin və Tayvan da iddialıdır.


Təlimlər zamanı ABŞ və Filippin hərbi-dəniz qüvvələrinə məxsus gəmilər sərnişin gəmisi batırıldıqdan sonra axtarış-xilasetmə əməliyyatlarını məşq ediblər.


Qeyd edilir ki, təlimlərin gedişində Çinin sahil mühafizəsinə məxsus olan iki gəmi onu izləyib. Gəmilərdən biri beş kilometr məsafədə Filippin gəmisinə yaxınlaşsa da təlimlərə mane olmaq üçün heç bir hərəkət etməyib.


Xatırladaq ki, 2016-cı ildə dövlət başçısı seçilən və Çindən iqtisadi yardım almağı planlaşdıran Rodriqe Duterte əvvəlcə Çinə Cənub Çin dənizindəki mübahisəni kənara qoymağı təklif edib. Lakin ölkə daxilində artan tənqidi nəzərə alan R.Duterte Çin sədri Si Cinpini 2016-cı ildə beynəlxalq tribunalın Çinin dənizin böyük bir hissəsinə olan iddiasını rədd etməsi barədə qərarına hörmətlə yanaşmağa çağırıb.


Eyni zamanda, ötən ay ABŞ və Filippin dəniz qüvvələri uzaqda yerləşən işğal edilmiş adanın azad edilməsi ssenarisi əsasında birgə illik təlimlər keçiriblər.


Bundan əlavə, ABŞ, Yaponiya, Hindistan və Filippin ilk dəfə cari ayın əvvəllərində Cənub Çin dənizində birgə təlimlər də təşkil ediblər.

Xəbər lenti