Xəzər Xəbər

Belarusda “MILEX-2019” silah və hərbi texnika sərgisi keçirilir

Dünya | 14:44 • 15 May 2019
Belarusda “MILEX-2019” silah və hərbi texnika sərgisi keçirilir

Mayın 15-də Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minskdə "MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi açılıb.


Xezerxeber.az xəbər verir ki, dörd gün davam edəcək sərgi çərçivəsində VIII müdafiə və təhlükəsizlik sahəsində hərbi-texniki əməkdaşlıq sualları üzrə beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır.


Sərgidə Müdafiə Sənayesi Nazirliyi də təmsil olunur. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən olan bu sərgidə MSN ilk dəfə ayrıca stenddə məhsullarını nümayiş etdirir. Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini də nəzərə alan MSN "MILEX-2019”da əsasən ixrac yönümlü məhsulları sərgiləyir. Bu məhsullara snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.


Sərgidə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti iştirak edir.


Bundan başqa, Raket və Artilleriya Qoşunları komandanı, general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti də sərgiyə qatılıb.


Qeyd edək ki, "MILEX-2019” sərgisində Azərbaycan daxil olmaqla 10 dövlətdən 170 müdafiə sənayesi şirkəti məhsullarını nümayiş etdirir. Sərgidə Azərbaycan, Belarus, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrika Respublikasından geniş tərkibdə nümayəndə heyəti iştirak edir.

Xəbər lenti