Xəzər Xəbər

USAID və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfdaşlıq sazişi imzalayıb

Dünya | 09:05 • 26 Aprel 2019
USAID və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfdaşlıq sazişi imzalayıb

Aprelin 25-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və ABŞ-Azərbaycan Ticarət Palatası ümumi məqsədlərə dair əməkdaşlıq sahəsində Anlaşma Memorandumu imzalayıblar. İki tərəfdaş birgə işləyərək iqtisadi inkişafı stimullaşdırmağa, habelə ABŞ ilə Azərbaycan arasında ticarəti, akademik və mədəni əlaqələri təşviq etməyə çalışacaq.


USAID və ABŞ-Azərbaycan Ticarət Palatası bir sıra sahələrdə, o cümlədən ticarət sektorunda iki ölkənin biznes subyektləri arasında iqtisadi fəaliyyətlərin təşviqi istiqamətində tərəfdaşlıq edəcəklər. Onlar kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələri və fərdi sahibkarları texniki yardım və biznes təlimləri proqramları ilə təmin etməyi, Azərbaycanın perspektivli sənaye sahələrinin inkişafı üçün innovativ elmi və bazar əsaslı həllərə imkan verə biləcək dövlət-özəl sektor tərəfdaşlığını stimullaşdırmağı planlaşdırırlar. Eyni zamanda, sazişdə Azərbaycanda biznesə asan başlanması və onun fəaliyyət göstərməsi, qida təhlükəsizliyi standartlarının təkmilləşdirilməsi, kənd təsərrüfatı bacarıqlarının və aqrotexniki bacarıqların, gənclər və qadınlar üçün imkanların artırılması kimi əməkdaşlıq sahələri nəzərdə tutulub.


ABŞ-Azərbaycan Ticarət Palatası və USAID aprelin 3-5-də Çikaqoda ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət Palatası tərəfindən təşkil olunmuş İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumuna dair artıq əməkdaşlıq ediblər. Forum iki ölkə arasında ilk belə tədbir olmaqla İllinoys ştatından və Azərbaycandan olan mütəxəssisləri, özəl şirkətlərin rəhbər şəxslərini, kənd təsərrüfatı istehsalçılarını və digər hökumət rəsmilərini bir araya gətirib.


USAID-in Azərbaycandakı missiyasının məqsədi ölkəmizlə davamlı dostluq münasibətlərini, habelə möhkəm biznes, sərmayə və ticarət tərəfdaşlığı qurmağı davam etdirməkdir. USAID Azərbaycan hökumətinin iqtisadiyyatı şaxələndirmək, investisiyaları cəlb etmək üçün şəffaf və açıq mühiti yaratmaq və xalqımızın rifahını yüksəltmək istiqamətində səylərini dəstəkləyir.


1995-ci ildə təsis olunduğu dövrdən ABŞ-Azərbaycan Ticarət Palatası uzunmüddətli biznes əlaqələri qurmaq istəyən ABŞ və Azərbaycan sahibkarları, həmçinin biznes dairələri üçün mühüm resurs olub. Palata ticarət missiyaları və konfranslar üçün platforma kimi çıxış etməklə yanaşı, həm də hər iki ölkənin yüksək hökumət və biznes liderlərinin tanış ola, ideya mübadiləsi apara və biznes tərəfdaşlıqları qura biləcəyi biznes görüşləri keçirir. (AZƏRTAC)

Xəbər lenti