Xəzər Xəbər

Avstriyada 20 mindən çox şagird iqlim böhranına qarşı nümayişə çıxıb

Dünya | 10:51 • 16 Mart 2019
Avstriyada 20 mindən çox şagird iqlim böhranına qarşı nümayişə çıxıb

Martın 15-də dünyanın yüzdən çox ölkəsinin iki mindən artıq şəhərində şagirdlər iqlim siyasətinə qarşı nümayişə çıxıblar. Avstriyada isə ümumilikdə 20 mindən çox məktəbli bu hərəkata qoşulub.


AZƏRTAC xəbər verir ki, Vyana şəhərində əllərində "Ətraf mühit bizim gələcəyimizdir!”, "İqlimi deyil, sistemi dəyişin!”, "Emissiyalara vergi tətbiq edilsin!” şüarları ilə şəhərin mərkəzi küçələrinə çıxan on mindən artıq şagird digər ölkələrdəki məktəblilərlə həmrəy olduqlarını nümayiş etdiriblər.


"Cümə günləri gələcək naminə” adı altında təşkil edilən bu aksiya dünyada şagirdlərin iqlim böhranına qarşı ilk böyük etiraz yürüşüdür. Argentinadan Avstraliyaya kimi dünyanın 123 ölkəsində təşkil olunan aksiyalarda 2052 şəhərdən şagirdlər iştirak ediblər.


Qeyd edək ki, ümumdünya şagird hərəkatının kökündə isveçli iqlim aktivisti Qreta Tunberqin fəaliyyəti dayanır. İqlim dəyişikliyinə qarşı təkbaşına mübarizə aparan 16 yaşlı məktəbli ötən ilin avqust ayından etibarən hər həftənin cümə günü Stokholmda ölkə parlamenti qarşısında ölkəsinin daha yaxşı iqlim siyasəti üçün nümayiş keçirir. Ötən həftələrdə Q.Tunberq beynəlxalq iqlim müdafiəsi hərəkatının əsas simasına çevrilib, müxtəlif ölkələrdəki məktəblilər onun nümunəsi əsasında nümayişlər keçiriblər.

Xəbər lenti