Xəzər Xəbər

ABŞ senatorları Qaşıqçının qətlində vəliəhd şahzadəni ittiham etdilər

Dünya | 15:03 • 6 Dekabr 2018
ABŞ senatorları Qaşıqçının qətlində vəliəhd şahzadəni ittiham etdilər

ABŞ-ın bir qrup senatoru səudiyyəli müxalif jurnalist, "Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülüməsinə görə məsuliyyətin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırlayıblar. "Anadolu” xəbər verir ki, senatorlar layihəni Senata təqdim ediblər.

Respublikaçılar Partiyasından olan senatorlar Lindsi Qrem, Marko Rubio və Todd Yanq, Demoktarlar Partiyasından Dayann Feyinsteyn, Ed Marke və Kristofor Kun bildiriblər ki, vəlihd şahzadə Məhəmməd bin-Salman Camal Qaşıqçının öldürülməsi cinayətinə ortaqdır: "Yaranmış vəziyyət bu iyrənc planın gerçəkləşdirilməsinin başında vəliəhdin durduğunu təsdiqləyir”.

Senator L.Qrem ABŞ-da yaşamaq icazəsi olan C.Qaşıqçının 3 övladının ABŞ vətəndaşları olduğuna diqqəti çəkərək, layihəyə yazılı münasibətində bildirib: "ABŞ-ın vəhşi Qaşıqçı cinayəti haqqında qəti bir açıqlama verməsinin milli təhlükəsizlik maraqları baxımından çox böyük əhəmiyyət daşıdığına inanıram”.

Qeyd edək ki, dekabrın 4-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cin Hasper C.Qaşıqçı cinayəti ilə bağlı bəzi senatorlarla qapalı yığıncaq keçirib.

Xatırladaq ki, oktyabrın 2-də "Vaşinqton Post” qəzetinin əməkdaşı C.Qaşıqçı Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib.

Xəbər lenti