Xəzər Xəbər

Dünyada əmək miqrantlarının sayı 9 faiz artıb

Dünya | 14:14 • 6 Dekabr 2018
Dünyada əmək miqrantlarının sayı 9 faiz artıb

Dünyada əmək miqrantlarının sayı getdikcə artmaqdadır. Hazırda dünyada 164 milyon insan başqa bir ölkədə əmək fəaliyyəti ilə məşğul olur. Bu isə son dörd ildə 9 faiz artım deməkdir.


AZƏRTAC xəbər verir ki, Cenevrədə yerləşən Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsəsən, əmək miqrantlarının təxminən üçdəiki hissəsi (67,9 faiz) yüksək gəlirli ölkələrdə çalışsalar da, 2013-cü ildən etibarən bu ölkələrə miqrant axını qismən azalıb və 112 milyon nəfərdən 111 milyon nəfərə düşüb. Statistika göstərir ki, əmək miqrantları son illərdə orta gəlirli ölkələrə daha çox üstünlük verirlər. Hazırda əmək miqrantlarının 24 faizi Şimali, Cənubi və Qərbi Avropada, 23 faizi Şimali Amerikada və təxminən 14 faizi ərəb ölkələrində işləyirlər. Onlar əsasən tikinti və turizm sektorunda, eləcə də ev qulluqçusu vəzifələrində çalışırlar.


Təşkilatın məlumatında, həmçinin bildirilir ki, təqdim edilən rəqəmlər heç də əsl vəziyyəti tam əks etdirə bilmir, çünki bir sıra ölkələrin statistik məlumatları yetərli sayıla bilməz. Bununla belə, rəsmi olaraq əmək miqrantı kimi qeydiyyatda olan insanlar, onların əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvləri və həmçinin qaçqınların ümumi sayının 277 milyon nəfər olması ehtimal edilir.

Xəbər lenti