Xəzər Xəbər

Hərbi təyyarələrin heyət üzvlərinin axtarış-xilasetmə işləri davam edir

Dünya | 13:34 • 6 Dekabr 2018
Hərbi təyyarələrin heyət üzvlərinin axtarış-xilasetmə işləri davam edir

ABŞ hərbiçiləri və Yaponiya özünümüdafiə qüvvələri Yaponiyanın qərbində 5 ABŞ hərbçisinin axtarış-xilasetmə işlərini davam etdirirlər.


Dekabrın 6-da gecə saatlarında təlimlər zamanı toqquşan iki hərbi təyyarənin 2 üzvü xilas edilsə də, digər 5 nəfərin axtarışları hələlik nəticə verməyib.


AZƏRTAC Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ABŞ-ın "Iwakuni Air Station” bazasına məxsus F/A-18 qırıcısı və KC-130 yanacaqdoldurma təyyarəsi Koçi prefekturasında yerləşən Muroto burnundan təqribən 100 kilometr cənubda gecə saat 1:40 dəqiqədə toqquşaraq dənizə düşüb.


Məlumatda bildirilir ki, qırıcıda 2, tankerdə isə 5 heyət üzvü olub. Qırıcı təyyarənin qəzadan təqribən 4 saat sonra özünümüdafiə qüvvələrinin helikopteri tərəfindən xilas edilən bir heyət üzvü İvakuni bazasına çatırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


Qəzadan təqribən 10 saat sonra aşkar edilən ikinci heytə üzvünün səhhəti barədə məlumat verilmir.


Təyyarələrin təlim zamanı qəzaya uğradıqları bildirilsə də, qəzanın detalları açıqlanmır. Müdafiə Nazirliyi ABŞ hərbiçilərindən daha çox informasiya verilməsini xahiş edib.


Hadisəni şərh edən müdafiə naziri Takeşi İvaya bildirib ki, hazırda davam edən axtarış-xilasetmə əməliyyatında özünümüdafiə qüvvələrinin 6 helikopteri və 3 gəmisi iştirak edir.


Nazir əlavə edib ki, baş verən qəza təəssüf hissi doğurur və itmiş heyət üzvlərinin tapılması üçün lazım olan bütün tədbirlər görülür. Nazirlik yerli hakimiyyət orqanları tərəfindən daxil olan istənilən informasiyanın təcili qaydada ictimaiyyətə çatdıracaq.

Xəbər lenti