İyuldakı seçkilərdə
qələbədən sonra Meksikanın yeni qurulacaq hökuməti ABŞ-ın miqrantlarla
bağlı pul yardımı təklifinin real olmadığını bildirib. "The Guardian” xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyasının Meksikadan keçərək Mərkəzi Amerika ölkələrindən ABŞ-a
axın edən 17 min miqrantın təyyarə və avtobuslarla geriyə qaytarılması
üçün xarici yardım fondundan Meksikaya 20 milyon dollar təklif etdiyi
bildirilir. Maliyyə yardımında məqsəd həmçinin, Meksikanın öz
sərhədlərində nəzarəti gücləndirərək qanunsuz miqrantları həbs etməsinə
kömək göstərməkdir.
Lakin Meksikanın dekabrdan fəaliyyətə
başlayacaq yeni hökumətində daxili işlər naziri vəzifəni tutacaq Sançez
Kordero bəyan edib ki, miqrantlarla bağlı məsələnin həllində kömək üçün
Vaşinqtondan heç bir təklif gəlməyib.
"Bu təklif hansısa formada
danışıqlar masasına çıxarılmayıb”, – deyə Kordero vurğulayıb. Lakin
Meksikanın hazırkı prezidenti Enrike Pena Nyetonun fəaliyyətdə olan
hökuməti bundan əvvəl bildirmişdi ki, onlar ABŞ-ın təklifini dəyərləndirməyə davam edirlər.
Qeyd edək ki, Mərkəzi Amerika və Meksikadan ABŞ-a axın edən qanusuz miqrantları "cinayətkarlar” adlandıran Donald Tramp
onların ölkəyə girişinin qarşısını almaq üçün Meksika ilə sərhəddə
divar çəkilməsini təklif etmişdi. Təkcə avqust ayında Meksikadan ABŞ-a qanunsuz gələn miqrantların ailə üzvlərinin həbsi 38 faiz artıb. /azvision.az