Xəzər Xəbər

“Florens” qasırğası Şimali Karolina sahillərinə çatıb

Dünya | 11:05 • 14 Sentyabr 2018
“Florens” qasırğası Şimali Karolina sahillərinə çatıb

Cümə axşamı "Florens” qasırğası Şimali Karolina sahillərində özünü göstərib, lakin mərkəzi sahildən 137 kilometr məsafədə yerləşən tufanın əsas nəticələri hələ qarşıdadır.


Yerli vaxtla axşam saat 8 radələrində qasırğa güclənərək Şimali Karolina sahillərinə çatıb. Güclü külək və leysan Uilminqton və Nyu-Bern şəhərlərində daşqınlara səbəb olub.


Bir həftə bundan əvvəl Afrika sahillərində formalaşmış "Florens” qasırğası cümə günü ABŞ-ın materik hissəsinə ziyan vurub. "Duke Energy Corp.” enerji şirkətinin məlumatına görə, onun xidmətlərindən istifadə edən 27.000-ə yaxın istehlakçı elektrik enerjisindən məhrum olub. Gözlənildiyinə görə, üç milyon insan bir neçə gün, hətta ola bilsin, bir neçə həftə qaranlıqda qalacaq.


Ekspertlərin fikrincə, "Florens” qasırğasının vurduğu ziyanın həcmi 10-20 milyard dollar həddində ola bilər. Sahilyanı rayonlarda yüz minlərlə insan təxliyə edilib, 1500-dən çox daxili və beynəlxalq reys ləğv edilib, zavodlar bağlanıb, fırtına olacağını gözləyən fermerlər isə öz məhsullarını və ev heyvanlarını xilas etməyə çalışırlar.


Gözlənildiyinə görə, qasırğa şənbə günü saatda 160 mil sürətlə Karolina ştatından qərbə yönələcək, gələn həftə isə Appalaç regionunu da cənginə alacaq. (AZƏRTAC)

Xəbər lenti