Mayın 12-də İraqda
keçirilən parlament seçkilərindən sonra səslər yenidən əllə sayılsa da,
seçkilərin ümumi nəticəsi dəyişməyib.
Bu barədə İraq
Seçki Komissiyası bəyan edib. Qeyd olunub ki, Kərkük, Ərbil,
Süleymaniyə, Nəcəf, Kərbəla və Bəsrənin də daxil olduğu ümumilikdə 13
kənddə əllə yenidən sayılan səslərin sayı elektron sistemdəki nəticə ilə
üst-üstə düşüb və parlament seçkilərini qazanan siyasi partiyaların
mandatında heç bir dəyişiklik olmayıb. Yalnız bir partiyada deputat
sayı 1 nəfər artıb – Həşdi Şabi qrupunun daxil olduğu "Fəth” şiə
koalisiyasının mandat sayı 48-ə yüksəlib. Belə ki, səslər yenidən
sayıldıqdan sonra Bağdad sünni koalisiyasındakı deputat yerlərindən biri
ona verilib.
İraq Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini təsdiqlənməsi üçün İraq Konstitusiya Məhkəməsinə göndərəcəklərini deyib. Məhkəmə nəticələri təsdiq etdikdən sonra parlament ilk iclasını keçirəcək və İraqda koalisiya hökumətinin formalaşdırılması üçün danışıqlara start veriləcək.
Lakin
Kərkükdəki türkmənlərin rəhbərləri nəticələrdə onların lehinə
dəyişiklik olmazsa etiraz aksiyası keçirəcəklərini bəyan ediblər.
Xatırladaq
ki, 12 may parlament seçkilərində səslərin sayılmasında və səsvermə
prosesində saxtakarlığa yol verildiyinə dair əhalinin, xüsusən də
Kərkükdəki türkmən və ərəblərin iddiaları qarşısında iyunda İraq Məclisi (parlament) səslərin yenidən əllə sayılması barədə qərar qəbul etmişdi. Seçki böhranı İraqda yeni hökumətin qurulmasını gecikdirib.
Qeyd edək ki, İraqda parlament seçkilərinin qalibi 54 mandatla Müqtəda əs-Sədrin başçılıq etdiyi "Əs-Sayrun” şiə blokudur.