Xəzər Xəbər

Çin pulla ərəb dünyasını "ələ keçirir"

Dünya | 14:15 • 10 İyul 2018
Çin pulla ərəb dünyasını "ələ keçirir"
Çin rəhbəri Si Tsinpin yaxın illərdə ərəb ölkələrinə ümumilikdə 23 milyard dollardan çox kredit və humanitar yardım verməyi vəd edib.


Bu barədə o, bu gün paytaxt Pekində keçirilən ÇİN-Ərəb Əməkdaşlıq Forumunun açılışındakı çıxışı zamanı deyib. Bildirib ki, ərəb dünyasına verəcəyi 23 milyard dolların 91 milyonu humanitar yardım formasında Suriya, Yəmən, İordaniya və Liviyaya göndəriləcək. 151 milyon dollar isə ərəb ölkələrinə yardım layihələrinə ayrılacaq.


Çin və ərəb ölkələrinin modernləşmə istiqamətində iqtisadi dirçəliş sterategiyalarının reallaşdırılması məsələsində birgə əməkdaşlıq etmələrinin vacibliyini deyən Tsinpin, həmçinin qeyd edib ki, Çin hökuməti ərəb ölkələrində liman və dəmir yollarının çəkilməsində, loqistika şəbəkələrinin yaradılmasında maraqlıdır. Onun sözlərinə görə, bu, Mərkəzi Asiyanı Afrikanın şərqi ilə, Hind okeanını isə Aralıq dənizi ilə birləşdirməyə imkan verəcək.

Tsinpin onu da vurğulayıb ki, Çin ərəb dünyası ilə uzunmüddətli strateji planlaşdırma üzərində işləməyə, o cümlədən ərəb ölkələrilə rəqəmsal iqtisadiyyat, süni intellekt, biofarmasotika, "ağıllı şəhərlər” və digər sahələrdə əməkdaşlığı gücləndirməyə hazırdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İraq müvafiq olaraq Çinin Yaxın Şərqdəkı ikinci və üçüncü ən böyük neft təchizatçılarıdır. Yaxın Şərq həmçinin, dəmiryolu və limanlar vasitəsilə Pekini Asiya, Afrika və Avropadakı iqtisadi inkişaf zonalarına bağlayan Çinin "Bir kəmər, bir yol" Yeni İpək Yolu layihəsində həlledici rola malik regiondur. /azvision.az

Xəbər lenti