Xəzər Xəbər

Paşinyan xalqı aldatdı Onu da Sarkisyanın taleyi gözləyir

Dünya | 13:08 • 17 May 2018
Paşinyan xalqı aldatdı
Ermənistanın baş naziri Nikol Paşinyan əhalinin ona ünvanlanan tələblərini yerinə yetirmək imkanına malik olmadığını deyib.


XəzərXəbər-in məlumatına görə, Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, məmurların hamısının bir dəfəyə işdən çıxarılmasını tələb etmək düzgün deyil və bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır.

Paşinyan həmin məmurların sırasına bir neçə gündür İrəvan əhalisinin fəalliyətinə etiraz edərək aksiyalar keçirdikləri İrəvan meri və Ermənistan baş prokurorunu da daxil edib.

Ermənistanın aprel müharibəsindəki məğlubiyyətindən sonra 2016-cı ilin yayında Serj Sarkisyana qarşı silahlı qiyam qaldıraraq, polis polkunu ələ keçirən "Sasna Tsrer” qruplaşması üzvlərinin həbsdən azad olunması barədə xalqın tələbi də Paşinyanın imkanları xaricindədir.

"Bilmək lazımdır ki, əhalinin bu aksiyaları kimə qarşı istiqamətlənib. Mən ictimai həmrəyliyin bərpa edilməsinin vacibliyi barədə öz mövqeyimi aydın şəkildə bildirmişəm. Amma mənim penitensiar quruma girərək məhbuslar üçün qapıları aça biləcəyimlə bağlı yanaşmaları doğru hesab etmirəm. Bunun üçün müvafiq prosedur mövcuddur” – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Paşinyan baş nazir seçildikdən sonra əhali Serj Sarkisyan dövründən qalma qanunsuzluqların aradan qaldırılmasını, yarıtmaz və korrupsioner məmurların, o cümlədən İrəvan meri Taron Markaryan və Respublikanın baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər. Etirazçılar həm də əvvəlki hökumətin həbs etdiyi siyasi məhbusların azadlığa buraxılmasını istəyirlər.

Erməni ekspertlərin fikrincə, Paşinyanın xalqa verdiyi seçkiqabağı vədlərdən indidən boyun qaçırması və etirazçıların tələblərini "qanunsuzluq” kimi dəyərləndirməsi 2 amillə bağlı ola bilər:

1. Yeni hökumətinə təyin etdiyi rəhbər kadrlar vəzifələri barədə ətraflı bilik və təcrübəyə malik olmadıqlarından, işlərin icrası və ən azı mənimsənilməsi üçün köhnə kabinetin işçilərinə hələ də ehtiyac var. Həmçinin, istefaya göndərilənlər daha sonra Paşinyanın özünə qarşı birləşə bilərlər;

2. Paşinyanın siyasi məhbuslar, xüsusən də "Sasna Tsrer” qruplaşması ilə bağlı mövqeyi ona əsaslanır ki, azadlığa çıxsalar, baş nazir kimi xırda bir səhvi onun da Sarkisyanın taleyini təkrarlamasilə nəticələnər: "Sasna Tsrer” Paşinyana da qarşı silahlı üsyan qaldırar. O da istisna edilmir ki, əvvəlki hökumət tərəfindən həbs olunmalarına baxmayaraq, "Sasna Tsrer”də Qarabağ klanından üzvlərin də olması, revanş güdən Sarkisyanın Paşinyana qarşı onlarla birləşməsilə nəticələnər.

Xəbər lenti