Xəzər Xəbər

ABŞ KXDR-dən raket və nüvə başlıqlarını ölkə xaricinə çıxarmağı tələb edib

Dünya | 12:07 • 17 May 2018
ABŞ KXDR-dən raket və nüvə başlıqlarını ölkə xaricinə çıxarmağı tələb edib

ABŞ KXDR ilə danışıqlarda Pxenyanın özündə olan döyüş nüvə başlıqlarının, radioaktiv maddələrin və qitələrarası ballistik raketlərin bir hissəsini yarım il ərzində ölkə xaricinə çıxarmağı tələb edib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunun əvəzində Vaşinqton KXDR-i terrorizmə dəstək verən ölkələrin siyahısından çıxarmağa hazır olduğunu bildirib. Bu da Pxenyana əsasən Çin və Cənubi Koreya tərəfindən humanitar yardım verilməsinin yolunu açacaq.


Eyni zamanda, mənbələrin məlumatına əsasən KXDR və ABŞ hələ ki, belə saziş imzalamağa hazır deyillər. Pxenyan özünə etibarlı təhlükəsizlik zəmanətinin verilməsini, hazırkı atəşkəs sazişinin sülh müqaviləsi ilə əvəz olunmasını, həmçinin diplomatik əlaqələrin bərpasını və ölkəyə investisiya yatırımını tələb edir.


Qeyd edək ki, KXDR-in azı 12 nüvə başlığına, 50 kiloqramdan çox silah plutoniumuna və bir neçə yüz kiloqram zənginləşdirilmiş urana malik olduğu ehtimal edilir.


ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In iyunun 12-də Sinqapurda görüş keçirməyi planlaşdırır. Lakin dünən KİV-lər belə bir məlumat yayıb ki, Vaşinqtonun düşmənçilik fəaliyyətinə cavab olaraq Pxenyan sammitlə bağlı razılaşmaya yenidən baxa bilər.

Xəbər lenti