Xəzər Xəbər

Ərdoğan 5 namizədə qarşı Türkiyə seçkilərində son gəlişmələr

Dünya | 15:49 • 16 May 2018
Ərdoğan 5 namizədə qarşı
Türkiyənin Ali Seçki Komissiyası (ASK) iyunun 24-də ölkədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərindəki ən son dəyişiklərlə bağlı məlumat yayıb. Bildirilib ki, prezidentliyə namizədlərin sayı 6, parlament seçkilərinə qatılacaq siyasi partiyalar isə 11-dir.


Prezidentliyə namizədlər aşağıdakılardır:

1. Hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyasının ortaq namizədi Rəcəb Tayyip Ərdoğan
2. Cumhuriyyət Xalq Partiyasının namizədi, Yalovadan olan millət vəkili Muharrəm İncə
3. Xalqların Demokratik Partiyasının namizədi, İstanbuldan olan millət vəkili, həbsə alınan Səlahəddin Dəmirtaş
4. İYİ partiyadan namizəd, partiyanın rəhbəri Meral Akşənər
5. Səadət Partiyasından namizəd, partiyanın rəhbəri Temel Karamollaoğlu
6. Vətən partiyasının namizədi, partiya rəhbəri Doğu Pərinçək

Parlament seçkilərində mübarizə aparacaq siyasi partiyalar isə Ədalət və İnkişaf Partiyası, Böyük Birlik Partiyası, Müstəqil Türkiyə Partiyası, Cumhuriyyət Xalq Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, İYİ Partiyası, Milliyətçi Hərəkat Partiyası, Səadət və Vətən partiyalarıdır.

ASK-nın məlumatına görə, Türkiyədəki 24 iyun seçkilərində iştirak etmək üçün 59 milyon 391 min 328 vətəndaş səsvermə hüququna malikdir. Onlardan 56,3 milyonu ölkə daxilindədir. Eyni zamanda, 24 iyunda Türkiyə seçki tarixində ilk dəfə mobil seçki məntəqələri yaradılacaq. Həmçinin, 100 min seçicinin imzasını toplayan bitərəf vətəndaşlar da prezidentliyə öz namizədliklərini irəli sürə biləcəklər.

Bundan əlavə, 24 iyun seçkilərində Türkiyə seçki tarixində ilk dəfə siyasi partiyalar siyasi blokların tərkibində seçkilərə qatıla biləcəklər. Məsələn, Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyası "Xalqın alyansı” adlı koalisiya yaradıb. Daha 4 partiya da – Cumhuriyyət Xalq Partiyası, İYİ partiya, Səadət və Demokratik partiyalar "Millətin alyansı” adlı siyasi blokda birləşiblər.

Qeyd edək ki, 24 iyun seçkilərilə Türkiyə prezident üsul idarəsinə keçəcək. Parlament hökumətin işinə nəzarət funksiyasından məhrum olacaq, lakin prezidentə qarşı impiçment irəli sürə biləcək. Həmçinin, 2017-ci il konstitusiya dəyişikliklərinə əsasən, Türkiyə parlamentindəki deputatların sayı 550-dən 600-ə çatdırılacaq.

Xəbər lenti