Xəzər Xəbər

Üçüncü Maydan başladı – Saakaşvilidən ÇAĞIRIŞ

Dünya | 13:45 • 13 Sentyabr 2017
Üçüncü Maydan başladı

Bu gün Lvov şəhərində qaldığı mehmanxanadan naməlum istiqamətdə getdiyi deyilən Mixail Saakaşvili tapılıb.

Saakaşvili Çernovtsı şəhərinin mərkəzi meydanında mitinq keçirəcəyini bildirib və əhalini meydana çağırıb.

Siyasətçinin mətbuat katibi Darya Çij jurnalistlərə söz verdi ki, Saakaşvili 13 sentyabr saat 18:00-da Çernovtsının mərkəzi meydanında olacaq.

"Ukraynada dəyişikliklər Çernovtsıdan başlayır. Şəhər sakinlərini sentyabrın 13-də saat 18:00-da Mixail Saakaşvili ilə görüşə dəvət edirəm. Görüş şəhərin mərkəzi meydanında keçiriləcək”, - deyə mitinqə çağırışda deyilir.

Öz növbəsində, Saakaşvilinin lideri olduğu "Yeni Güclərin Hərəkatı” Partiyasının mətbuat katibi Maryana Poştar dəqiqləşdirib ki, siyasətçi ​ Çernovtsıya səfərdən əvvəl Lvovda naşirlərin forumuna baş çəkməyi planlaşdırır.

Ukrayna Daxili işlər Nazirliyindən bildiriblər ki, Saakaşvilinin güman edilən marşrutunun təhlükəsizliyin üçün heç bir əlavə tədbirlər görülməyəcək.

"Biz bu şəxsin hər addımını şərh etməyəcəyik”, - idarənin kommunikasiyalar departamentinin direktoru Artyom Şevçenko bildirib.

Bir çox analitiklər gürcü siyasətçinin Ukraynaya qayıdışını üçüncü Maydanın (birinci Maydan 2004, ikinci Maydan isə 2014-cü ildə reallaşıb – red.) başlanğıcı kimi qiymətləndirirlər.

***

Sentyabrın 10-da Ukraynaya qayıdaraq Lvovda yerləşən Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili qaldığı mehmanxananı tərk edib.

Ukrayna vətəndaşlığından məhrum edilmiş Saakaşvili naməlum istiqamətdə yola çıxıb.

Məlumata görə, dünən gecə onun qaldığı nömrə çox izdihamlı idi. Burada onun mühafizəçiləri və silahdaşları var idi.

Bildirilir ki, "Donbas” batalyonuna məxsus mikroavtobusa əyləşən keçmiş prezident və silahdaşları naməlum istiqamətdə hərəkət edib. Saakaşvilinin bir neçə mühafizəçisi mehmanxanada qalıb və jurnalistləri əmin edirlər ki, onların rəhbəri heç yerə getməyə hazırlaşmır və nömrədə gecələyəcək.

Mikroavtobus bir müddət sonra mehmanxanaya qayıtsa da, jurnalistlər onun içində Saakaşvilinin başçılığı etdiyi nümayəndə heyətini görməyiblər./Publika.az

Xəbər lenti