Xəzər Xəbər

Baş infeksionistdən koronavirus xəbərdarlığı

Cəmiyyət | 12:34 • 23 Noyabr 2020
Baş infeksionistdən koronavirus xəbərdarlığı

Bu gün biz mütəxəssisləri insanların COVİD-19-la bağlı qoruyucu tədbirlərə riayət etmə səviyyəsi qane etmir.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.


Onun sözlərinə görə, qapalı məkanlarda bu virusun yayılması üçün daha çox şərait var:


"Ancaq biz onu müşahidə edirik ki, qapalı məkanlarda qoruyucu tədbirlərə riayət etmə bir o qədər də kütləvi xarakter daşımır. İnsanlar onlara dəfələrlə deyilən sadə qaydalara riayət etməlidirlər. Bu, qapalı məkanlarda xüsusilə olmalıdır. Çünki hazırda hava soyuduğundan biz otaqları qızdırıcı sistemlərlə isidirik və havalandırmırıq. Əgər hava dəyişdirilmirsə, təmaslar yaxın olursa, belə şəraitdə yoluxma ehtimalı daha çox olur".


Mütəxəssis deyib ki, qapalı məkanlarda, xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta hündürdən danışdıqda da, virus hissəcikləri ətrafa yayılır:

 

"Ancaq bu hissəciklər daha kiçikdir, onların məsafə qət etməsi daha uzundur. Bu, o deməkdir ki, belə şəraitdə həmin hissəciklər daha uzun müddət havada qalaraq, daha aralıda olan insanları yoluxdura bilər. Buna görə də biz otaqları havalandırmaqla yanaşı, eyni vaxtda otaqda olan insanların sayını azaltmalıyıq. Təsadüfi deyil ki, Nazirlər Kabineti yanında Operativ Qərargah da müəssisələrə, hətta özəl müəssisələrə də işçilərin sayını 30 faizədək azaltmağı tövsiyə edib".

Xəbər lenti