Xəzər Xəbər

Birgə bəyanat təcavüzkar Ermənistanın diz çökməsi deməkdir

Cəmiyyət | 17:14 • 12 Noyabr 2020
Birgə bəyanat təcavüzkar Ermənistanın diz çökməsi deməkdir

"Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gərgin səyləri ilə noyabrın 10-da imzalanmış Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə bəyanatı təkcə təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi və işğal edilmiş ərazilərimizdən verilmiş cədvələ uyğun olaraq çıxarılması demək deyil. Bu sənəd daha geniş məna kəsb edərək, Azərbaycanın böyük geosiyasi və geoiqtisadi qələbəsidir".


Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.


"Nə üçün? Hər şeydən əvvəl, sənədə Prezidentimiz İlham Əliyevin təklifi ilə daxil edilmiş 9-cu maddə Azərbaycanın digər ərazilərinin Naxçıvanla qırılmış quru (avtomobil, dəmiryolu) əlaqələrinin bərpasını nəzərdə tutur. Bununla, Naxçıvanın blokadasına son qoyulacaq, Azərbaycan Bakı-Tbilisi-Kars dəmiryolu ilə yanaşı Bakı-Naxçıvan-İqdır-Kars-İstanbul dəmiryolu vasitəsilə Türkiyə üzərindən Avropaya çıxa biləcək. İkincisi, ötən əsrin 20-ci illərinin əvvəllərində Türkiyənin türk dünyası ilə qırılmış quru əlaqələri bərpa olunacaq, Kars-İqdır dəmiryolu Naxçıvana qədər, oradan daha da genişlənərək Fars körfəzinə və Mərkəzi Asiyaya qədər uzana bilər. Region ölkələrinin hamısının faydalanacağı və böyük geosiyasi, geoiqtisadi əhəmiyyət kəsb edəcək bu yolun fəaliyyətə başlaması nəticəsində Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevriləcək. Yola Rusiya Federasiyası Sərhəd Xidmətinin nəzarət etməsinin də xüsusi mənası var. Zənnimcə, iki böyük ölkə olan Rusiya və Türkiyənin bərabər hərəkət etməsi nəticəsində regionda tərəf olmaq iddiası ilə çıxış edən kənar oyunçuların arzuları boşa çıxır və biz Avrasiyada yeni geosiyasi reallıqların yaranması astanasındayıq”, - o, əlavə edib./report

Xəbər lenti