Xəzər Xəbər

ÜST Qurban bayramı ilə əlaqədar tövsiyələrini təqdim edib

Cəmiyyət | 18:15 • 30 İyul 2020
ÜST Qurban bayramı ilə əlaqədar tövsiyələrini təqdim edib

Ümumdünya Səhiyyə Təşkilatı müqəddəs Qurban bayramında müsəlmanların bir qayda olaraq, məscidlərdə və evlərdə toplaşdığını, qurban kəsdiyini və ətini yoxsullara payladığını nəzərə alaraq, ictimaiyyəti COVID-19 pandemiyası şəraitində ciddi təhlükəsizlik tədbirləri görməyə çağırıb.


Xezerxeber.az xəbər verir ki, ÜST-nin müraciətində insanın COVID-19 virusuna əsasən hava-damcı yolu ilə yoluxduğu xatırladılıb. Qeyd olunub ki, yoluxma, həmçinin insanın virusa yoluxmuş səthə toxunduqdan sonra əllərini yumadan və dezinfeksiya etmədən gözlərinə, burnuna və ya ağzına toxunduqda baş verə bilər. Eyni zamanda, COVID-19 virusunun insandan heyvana ötürülməsi halları mövcuddur. Doğrudur, elmi adı SARS-CoV-2 olan virusun yoluxmuş heyvanlardan insana keçməyə qadir olub-olmadığı hələ məlum deyil. Buna baxmayaraq, ev heyvanları ilə bağlı digər zoonoz xəstəliklərin insanlar arasında yayılması hallarını unutmaq olmaz.


ÜST xəbər verir ki, bəzi ölkələr insanlar arasında fiziki qarşılıqlı əlaqəni məhdudlaşdırmaq məqsədilə artıq tədbirlər görüblər. Həmin tədbirlərə məscidlərin bağlanması, böyük izdiham üzərində nəzarət, eləcə də hərəkət və yığıncaqlara dair digər məhdudiyyətlər daxildir: "Bu tədbirlər, yoluxucu xəstəliklər, xüsusilə də böyük sayda insanların toplaşması ilə əlaqədar olan tənəffüs yollarının yoluxucu xəstəliklərinə nəzarətin əsas mexanizmləridir. Virusun nəzarət oluna biləcəyi yerdə bu tədbirlər tədricən yumşaldılır, lakin bəzi hallarda yoluxma hallarının artımı müşahidə olunub”. Məsələn, Ramazan bayramının qeyd edildiyi Şərqi Aralıq dənizi ölkələrində yoluxma səviyyəsi artıb. Yeni yoluxma halları yaxınlara baş çəkmə, birgə ibadət və digər kütləvi tədbirlərlə əlaqədar idi. Bu səbəbdən ÜST Qurban bayramı ərəfəsində tövsiyələrini təqdim edir:


- İzdihamdan çəkinmək, əl gigiyenası və mövcud vasitələrin təmizliyinə əməl etmək;


- Qurban kəsilməsi mərasimini ev şəraitində keçirməmək;


- Mərasimi həyata keçirmək üçün ailənin bir üzvünü təyin etmək;


- Xəstə ola biləcək heyvanları qurban kəsməmək;


- Heyvanları etibarlı təchizatçılardan sifariş etmək;


- Kasıbları qonaq edərkən lazımi məsafəni saxlamaq;


- Qurban kəsilməsini imkan daxilində mərkəzləşdirilmiş qaydada yerinə yetirmək.


ÜST, həmçinin ictimai və dini yığıncaqların ləğv edilməsi haqqında ciddi düşünməyi təklif edir, onların ləğv edilməsi, başqa vaxta keçirilməsi, məhdudiyyətlərin və ya dəyişikliklərin tətbiqi ilə əlaqədar qərarları risklərin qiymətləndirilməsinə əsaslanaraq qəbul etməyi tövsiyə edir. Onlar isə epidemioloji vəziyyətdən, potensial yayılmanın öhdəsindən gəlmək üçün resurslar və imkanların mövcudluğundan asılıdır.

Xəbər lenti