Xəzər Xəbər

22 işəgötürənlə əlaqədar məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib

Cəmiyyət | 15:39 • 30 İyul 2020
22 işəgötürənlə əlaqədar məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına yol verilməməsi üçün "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirir.


İşəgötürənlərlə sosial dialoq qurularaq onlara əmək qanunvericiliyinin tələbləri izah olunur, sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə edilir.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, xüsusi karantin dövründə həyata keçirilən nəzarət zamanı 22 işəgötürən tərəfindən "Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilən əmək müqavilələri reallığa uyğun olmayan müqavilələr kimi diqqəti cəlb edib. Həmin müqavilələrin xüsusi karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq məqsədilə bağlanılaraq bu barədə bildirişlərin e-sistemə daxil edildiyinə dair əsaslı şübhələr yaranıb.


Qeyd edilən işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.


Eyni zamanda, karantin dövründə əmək müqavilələrinə xitam vermiş 156 işəgötürənə xitamvermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Xəbər lenti

Çox oxunanlar