Xəzər Xəbər

Ölkəmizdəki COVID-19 xəstələrinin müalicəsi necə gedir?

Cəmiyyət | 13:29 • 24 İyul 2020
Ölkəmizdəki COVID-19 xəstələrinin müalicəsi necə gedir?

Səhiyyə Nazirliyinin COVID-19 ilə mübarizə məqsədilə Bakı şəhər poliklinikalarının nəzdində yaradılmış tibbi məntəqələrin fəaliyyəti haqqında Bakı Şəhər Baş Səhiyyə İdarəsinin (BŞBSİ) rəisi Nelli Veysova müsahibə verib.


Bu barədə xezerxeber.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.


N.Veysova ölkədə koronavirus infeksiyasının yayılmasının ən qızğın vaxtında stasionar tibbi yardım xidmətlərinin üzərinə düşən yükün azaldılması məqsədilə yaradılmış tibbi məntəqələrin sayı və vəzifələri haqqında məlumat verib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupu tərəfindən Bakı şəhərində 87 tibb müəssisəni əhatə edən 39 tibb məntəqəsi yaradılıb: "Məntəqələrin iş vaxtı səhər saat 08:00-dan axşam saat 20:00-dəkdir. Axşam saat 20:00-dan sonra isə 103 nömrəsinə zəng etmək lazımdır. Amma xəstənin stasionar müalicəsinə göstəriş olan təqdirdə o, mütləq hospitalizasiya olunmalıdır. Hər bir məntəqədə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təlim keçən 11 nəfər tibbi işçi çalışır. Hər məntəqə fəaliyyətinin Çağrı Mərkəzindən müraciətlərin qəbulu, dislokasiyaları üzrə müəssisələrə ötürülməsi və vətəndaşların sahə həkimi ilə əlaqəsinin yaradılmasından ibarətdir".


BŞBSİ-nin rəisi həmçinin şəhər poliklinikaların sahələrində təşkil edilmiş tibb məntəqələrinin göstərdiyi səyyar xidmətinin kəsintisiz işini təmin etmək məqsədilə hər məntəqə üçün xüsusi bir nəqliyyat vasitəsinin ayrılması haqda məlumat verib. Onun dediyinə görə, artıq istifadəyə verilmiş 40 avtomobil vasitəsilə hər gün saat 08:00-dan 12:00-dək evdə olan xəstələrdən test yaxmaları götürülür, məntəqələrə gətirilir, orada barkodlaşdırılıb, laboratoriyalara çatdırılır, dərman preparatları xəstələrə təqdim olunur: "Testləri müsbət çıxan xəstələr isə evdə dərman preparatları ilə təmin olunurlar".


N.Veysova hal-hazırda COVID-19 ilə bağlı gələn müraciətlərin sayı haqqında da danışıb: "Müsbət nəticə kimi Təcili Tibbi Yardım xidmətinin COVID 19-la bağlı müraciətlər sayının - 25 faizə qədər, ağır xəstələrin müraciətlər sayının isə 30 faizə qədər azalmasını qeyd edə bilərəm”.


Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun fəaliyyəti haqqında danışan Nelli Veysova onu da qeyd edib ki, qrup üzvlərinin iş bölgüsü bu vəzifələrdən ibarətdir: xəstələrin dərman təminatı, təchizat, testlərə nəzarət, statistik məlumatların aparılması, Çağrı Mərkəzinə nəzarət, bu işə cəlb olunan qurumlar və Ümumdünya Səhiyyə Təşkilatının elmi işçiləri ilə işgüzar əlaqələrin yaradılması və s.


N.Veysova xatırladıb ki, virusa yoluxma sübhəsi olan vətəndaş dərhal sahə həkiminə müraciət etməli, virusun yayılmasına yol verməmək üçün poliklinikaya gəlməməlidir: "Sahə poliklinikaların telefon nömrələrini Səhiyyə Nazirliyinin saytından öyrəmnək mümkündür. Amma lazım olan nömrə tapılmadığı təqdirdə xəstə 814 nömrəsinə zəng etməlidir və bununla belə onun sahə həkimi ilə əlaqəsi təmin olunacaqdır. 814 nömrəli Çağrı Mərkəzi cari ilin iyul ayından etibarən fəaliyyət göstərir. Bu nömrə vasitəsilə əlaqə saxlayıb, məlumat və məsləhət almaq mümkündür. Hal-hazırda 814-ə gələn sualların əksəriyyəti təkrar testlərin götürülməsi, xəstəlik vərəqələr və sağlamlıq haqqında arayışların verilməsinə aiddir".

Xəbər lenti