Xəzər Xəbər

ÜST koronavirusa qarşı peyvəndin hazır olacağı vaxtı açıqladı

Cəmiyyət | 14:11 • 20 İyul 2020
ÜST koronavirusa qarşı peyvəndin hazır olacağı vaxtı açıqladı

Yeni növ koronavirusa qarşı geniş şəkildə istifadə edilə bilən peyvənd maddəsi gələn ilin ortalarında hazır ola bilər.


Xezerxeber.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi araşdırmalar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan hazırda 20 peyvənd maddəsinin insanlar üzərində kliniki tədqiqat mərhələsində olduğunu deyib. O, bu maddələrdən ən azı bir neçəsinin kütləvi istifadə üçün yararlı olacağına ümidvar olduğunu bildirib.


S. Svaminatan qeyd edib ki, kliniki tədqiqatlar mərhələsində olan peyvənd maddələri ilə bağlı nəticələr gələn ilin əvvəlində hazır olacaq. Yekun seçimdən sonra peyvəndlərin kütləvi istehsalı başlana və ilin ortalarında geniş əsasda istifadəsinə başlanıla bilər.


ÜST rəsmisinə görə, hər şeyi əvvəlcədən tam proqnozlaşdırmaq mümkün olmasa da, hazırda bu qədər sayda peyvənd maddəsi üzərində kliniki tədqiqatların aparılmasını nəzərə alaraq, yekun mərhələdə onlarda azı bir neçəsinin uğur əldə edəcəyinə ümid bəsləmək olar.


Həmçinin qeyd edilib ki, yeni növ koronavirusa qarşı peyvənd axtarışında bu virusa qarşı immunitetin müxtəlif növləri də tədqiq olunur. Orqanizmin müdafiə sistemində iştirak edən T hüceyrələri (limfositləri) və ya yaddaş hüceyrələri bu tədqiqatlarda diqqət mərkəzində saxlanılır.


S. Svaminatan eyni zamanda yeni növ koronavirusa qarşı peyvəndin hazırlanmasını ÜST tarixində vaxt baxımından ən sürətli plan kimi də dəyərləndirib. Qeyd edilib ki, bu ilin yanvar ayında virusun genom tərkibi müəyyən edilib və mart ayında ilk peyvənd testlərinə start verilib.

Xəbər lenti